Elman Nəsirli: “The NeW York Times” qəzetinin yazdığı iddialara Azərbaycanın ehtiyacı yoxdur” RƏY

9 Sentyabr 2014 12:18 (UTC+04:00)

"Azərbaycan dövləti qarşısına konkret hədəflər qoyub, konkret proqramlar üzrə inkişaf edən bir dövlətdir". Sözügedən fikirləri SİA-ya politoloq Elman Nəsirli "The NeW York Times" qəzetində Azərbaycan hökumətinin ölkənin nüfuzunun qaldırılması istiqamətində ABŞ-da əlavə vəsaitlər xərcləməsi iddiasına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan hədəf qoyub ki, yaxın on il ərzində dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olsun: "Azərbaycanın həm iqtisadi potensialı, ölkədəki siyasi sabitlik, inkişaf tendensiyası, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilməsi, güclü ordusu, demoqrafik üstünlüklər – bunlar hamısı şübhəsiz ki, dünyada qiytəmtləndirilir və dünyanın beyin mərkəzləri bunların fərqindədir. Bu baxımdan təbii ki, regionda çox güclü iqtisadi potensialı olan, olduqca mühüm geopolitik məkanda yerləşən bir dövlətlə əlaqələri inkişaf etdirmək böyük dövlətlərin marağında olan məsələdir. Bu nöqteyi nəzərdən, ABŞ kimi bir fövqəldövlətin özünün Azərbaycanla sıx əməkdaşlıqda olması elə özü üçün də əhəmiyyətlidir. Çünki bunu ABŞ-ın dünyada olduqca sürətlə dəyişən geopolitik maraqları tələb edir". "Birləşmiş Ştatlar cənubi Qafqaz regionunda Azərbaycan kimi güclü, lider dövlətlə münasibətlərin inkişafında olduqca maraqlı tərəfdir və bu da bir həqiqətdir"-deyə vurğulayan Elman Nəsirli bildirib ki, ABŞ mətbuatında dərc edilən belə iddialar sadəcə müəyyən dirələrin sifarişi nəticəsində işıq üzü görür: "Ona görə də etiraf edirəm ki, Azərbaycan tərəfinin ABŞ-la münasibətlərinin yaxşılaşdırılması üçün iddia edilən vəsaitləri xərcləməsinə və yaxud oradakı əlavə maliyyə xərclərinə ehtiyacı yoxdur. Bu gün dünyanı maraqlar idarə edir və Azərbaycanın xarici siyasəti ilə ABŞ-ın siyasəti üst-üstə düşür. Çünki hər iki tərəf münasibətlərin inkişafında maraqlıdır.

O ki, qaldı bəzi media orqanlarının Azərbaycanla bağlı maliyyə məsələləri barədə, əlavə pul xərcləmələri barədə, eləcə də ölkənin nüfuzunun qaldırılması barədə iddialarına, bu yanaşma hesab edirəm ki, kökündən yanlış iddiadır. Azərbaycanın nüfuzunun qaldırılması üçün belə addımlara getməsinə ehtiyacı yoxdur. Digər tərəfdən, bu gün ABŞ Azərbaycanin neft və qeyri-neft sektoruna kifayət qədər invenstisiyalar qoyub, digər əhəmiyyətli məsələlər mövcuddur. Ona görə də "The NeW York Times" qəzetinin yazdıqları iddialara Azərbaycan dövlətinin qətiyyən ehtiyacı yoxdur".

Qeyd edək ki, "The New York Times" ötən günlərdə Azərbaycan hakimiyyətinin "neft pulları hesabına ABŞ-da nüfuz qazanmaq səyləri" barədə məqalə dərc edib.

Rövşən Nurəddinoğlu