Xəzəryanı dövlətlərdən Caspian European Cluba dəstək

9 Sentyabr 2014 11:34 (UTC+04:00)

Caspian European Club (CEIBC) və Caspian Energy İnternational Media Group sentyabrın sonunda Astraxanda keçiriləcək Xəzər Sammiti çərçivəsində ilk biznes-forumun təşkili ilə bağlı CEİBC-nin irəli sürdüyü təşəbbüsü dəstəklədiyinə görə beş Xəzəryanı dövlətin prezidentinə - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Türkmənistanın Prezidenti Qurbanqulu Berdımuhəmmədov və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə dərin minnətdarlığını bildirir. SİA-nın xəbərinə görə, CEIBC-in baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, ilk dəfə "beş Xəzəryanı dövlətin Sammiti çərçivəsində keçiriləcək biznes-forum beştərəfli iqtisadi əlaqələrin inkişafına, həmçinin Xəzər regionu ölkələrinin – Caspian European Club üzvlərinin sahibkarlarının biznes təşəbbüslərinin daimi dəstək platformasının yaranmasına xidmət edəcək".

Xatırladaq ki, Caspian European Club (CEIBC) və Caspian Energy İnternational Media Group 2014-cü ilin yanvarında Klubun 500-dən artıq üzv şirkətləri adından beş Xəzəryanı dövlətin rəhbərinə 2014-cü ilin payızında Astraxanda beş Xəzəryanı dövlət prezidentinin Xəzər Sammiti çərçivəsində ilk biznes-forumun təşkili təşəbbüsünü dəstəkləmək təklifi ilə müraciət qəbul ediblər.

Onu da qeyd etmək yerinə düşər ki, bu il dünyanın 50-dan artıq ölkəsində qeydiyyatdan keçmiş Caspian Energy brendinin 15 yaşı tamam olur. Bu əlamətdar hadisə ilə bağlı Caspian Energy jurnalının yubiley nömrəsinin nəşri planlaşdırılır.