TQDK yoxlama imtahı keçirəcək

8 Sentyabr 2014 16:00 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 9-da xarici ölkələrin tibb üzrə ali təhsil müəssisələrindən və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsindən Azərbaycan Tibb Universitetinə tələbələrin köçürülməsi ilə bağlı yoxlama imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahan saat 14:00-da Azərbaycan Tibb Universitetinin V korpusunda başlanacaq və 1 saat 30 dəqiqə ərzində aparılacaq. Köçürülmə ilə əlaqədar keçiriləcək imtahanda iştirak etmək üçün TQDK tərəfindən sentyabrın 3-dən 5-dək tələbələrin qeydiyyatı aparılıb və 36 tələbə müraciət edib.

İmtahan aşağıda təqdim olunmuş fənlər üzrə aparılacaq: I kurs tələbələri - Normal anatomiya (I və II semestrin materialları əsasında), Tibbi biologiya və genetika, Ümumi və bioüzvi kimya; II kurs tələbələri - Normal anatomiya, Normal fiziologiya, Biokimya; III, IV, V kurs tələbələri - Patoloji anatomiya və patoloji fiziologiya, Mikrobiologiya, Biokimya. İmtahanda hər fənn üzrə 20 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunur və suallar Azərbaycan Tibb Universitetinin tədris proqramları əsasında hazırlanıb. Test imtahanında hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar tələbənin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. Hər bir fənn üzrə topladığı balı 6-dan, ümumi balı isə 30-dan az olmayan tələbələrin biliyi məqbulla qiymətləndirilir.