AMEA-da geodinamik şərait müzakirə edilib

8 Sentyabr 2014 14:52 (UTC+04:00)

Dünyanın müxtəlif ölkələrindən alimlər respublikamızın və qonşu ərazilərin geodinamik şəraitini Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) müzakirə ediblər. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, ərazilərin geodinamik vəziyyətinin öyrənilməsi, zəlzələ risklərinin qiymətləndirilməsi müasir iqtisadi və sosial həyatın inkişafından irəli gələn məsələlərdir.

Onun sözlərinə görə, bu istiqamətdə aparılan tədqiqatların nəticələri alimlərin dünya cəmiyyətinin dayanıqlı inkişafına xidmət etməlidir: "Beynəlxalq seminarda məqsəd dünya alimlərinin diqqətini regionun geoloji təkamülünə daha çox cəlb etmək, aparılan tədqiqatların səmərəliliyini qarşılıqlı təcrübə əsasında daha da artırmaqdır".

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, GGİ-nin geodinamika və seysmologiya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirov qeyd edib ki, Akademiya və ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun (MTİ) birgə təşkil etdiyi "Yer qabığı dinamikasını öyrənmək məqsədi ilə yüksək dəqiqlikli GPS ölçü məlumatlarının GAMIT/GLOBK emalı" adlı beynəlxalq seminarda Azərbaycandan əlavə ABŞ, Rusiya, Türkiyə və Gürcüstan alimləri son illər aparmış olduqları tədqiqatların və GPS (qlobal yertəyinetmə sistemi) monitorinqlərinin yeni nəticələri haqqında məlumat verəcəklər. Mühazirələr MTİ-nin GPS sistemi və proqramlarının müəlliflərindən olan Robert Reilinger və Mayk Floyd, Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutu, Lomonosov adına Moskva Dövlət Universiteti, Türkiyənin Yıldız Teknik Universiteti və Gürсüstanın İliya Universitetinin nümayəndələri, həmçinin GGİ alimləri tərəfindən aparılacaq.

Seminar müddətində GGİ-nin və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının iştirakı ilə gənc alimlər üçün payız məktəbi təşkil olunub. Təşəbbüsdə məqsəd iştirakçılara GAMIT/GLOBK proqram təminatı ilə işləmək bacarığı və geoloji interpretasiya qaydalarını öyrətməkdir.

Seminar sentyabrın 12-nə qədər davam edəcək.