Namiq Əliyev Dünya Güləş Birliyinin növbəti Konqresi barədə danışdı

8 Sentyabr 2014 09:52 (UTC+04:00)

8-14 sentyabr 2014-cü il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, sentyabrın 7-də Dünya Güləş Birliyinin növbəti Konqresi baş tutub. Konqresdə Azərbaycanı qurumun İcraiyyə Komitəsinin üzvü, AGF-nin I vitse-prezidenti Namiq Əliyev təmsil edib.

Konqres haqqında fikirlərini bildirən AGF-nin I vitse-prezidenti, DGB (Dünya Güləş Birliyi) İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev edilən dəyişiklikləri müsbət qiymətləndirib: "Bu, tarixi bir Konqresdir. Bir ilə yaxın idi ki, qurumun adının və loqosunun dəyişdirilməsi ilə bağlı İcraiyyə Komitəsində müzakirələr aparılırdı. Artıq bu baş tutdu. Uzun müddətdir ki, qurum FİLA adlanırdı və bundan sonra bu adı nostalji hisslərlə xatırlayacağıq. Amma qrapplinq və pankration kimi güləşə yaxın növlərin də quruma daxil olması ad dəyişikliyini zəruri etdi. Digər tərəfdən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyyələri də nəzərə alındı. Qurumun nizamnaməsində də müəyyən dəyişikliklər edildi. Eyni zamanda, iki ildir ki, quruma başçılıq edən Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçildi. O, qarşıdakı 6 il ərzində quruma rəhbərlik edəcək".

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları barədə danışan AGF rəsmisi Konqresdə Oyunlara hazırlıq barədə təqdimatın iştirakçılar tərəfindən yüksək qiymətləndirildiyini bildirdi: "Avropa Oyunlarında güləşin əvvəlcə 6 çəki dərəcəsində təmsil olunması nəzərdə tutulurdu. Artıq aparılan danışıqlar nəticəsində bütün 8 çəki dərəcələrinin də oyunlarda iştirakı razılaşdırılıb. Biz istəyirik ki, Olimpiya Oyunlarında da güləş bütün çəki dərəcələrində təmsil olunsun. Çünki olimpiadaya salınmayan çəki dərəcələrinin də inkişaf etdirilməsi bizim əsas prioritetlərimizdəndir".

Namiq Əliyev Dünya Güləş Birliyinin "Şərəf zalı"nda Azərbaycan güləşçilərinin təmsil olunması məsələsinə münasibət bildirərkən bu barədə planlarının olduğunu deyib: "Olimpiya və üçqat Avropa çempionu Namiq Abdullayev, Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov kimi Azərbaycanın tanınmış güləşçilərinin Dünya Güləş Birliyinin "Şərəf zalı"nda təmsil olunması bizim yaxın gələcək üçün əsas planlarımızdan biridir. Düşünürəm ki, onlar dünya güləşində öz layiqli yerlərini tutacaqlar".