Aydın Mirzəzadə: "Azərbaycan hər görüşdən-görüşə problemin həllində aparıcı qüvvəyə çevrilir” RƏY

5 Sentyabr 2014 16:20 (UTC+04:00)

"NATO-nun Böyük Britaniyada, Uelsdə keçirilən sammiti çox ciddi maraq doğurub. Çünki bu sammitdə tək NATO üzvlərinin deyil, eyni zamanda müxtəlif əməkdaşlıq proqramları ilə bağlı olan ölkə rəhbərləri iştirak edirdi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə NATO sammitində Azərbaycanın yeri və rolu barədə münasibətini bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bu sammitdəki iştirakı Azərbaycan- NATO münasibətlərinin, eyni zamanda Azərbaycanın dünyaya inteqrasiya siyasətinin bariz nümunələrini ifadə edir: "Eyni zamanda dünya üçün ən maraqlı, ən əhəmiyyətli hadisələrindən biri Azərbaycan və Ermənistan prezidentlərinin sammit çərçivəsində görüşünün keçirilməsi oldu. Ən vacibi isə ondan ibarətdir ki, görüş münaqişənin həll edilməsinə səlahiyyətli olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə deyil həmsədrlərdən birinin təşəbbüsü ilə keçirildi. Şübhəsiz ki, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi və həmin işğalın ilk növbədə Ermənistan üçün ağır nəticələri bu görüşdə müzakirə edildi. Görüşün nəticəsi növbəti görüşün keçirilməsi barəsində qərar qəbul oluna bilər. Bildiyiniz kimi, bir ay bundan əvvəl Rusiyanın Soçi şəhərində keçirilən görüşdə də növbəti görüşün davam etdirilməsi ilə bağlı qərar qəbul olundu".

"Ümumiyyətlə görüşlərin müntəzəm xarakter alması və görüşlərdə problemin həlli ilə bağlı konkret məsələlərin müzakirə edilməsi həmin görüşlərin əsas xarakteristikası sayıla bilər"-deyə vurğulayan Aydın Mirzəzadə onu da qeyd edib ki, həmçinin belə vəziyyətdə statust-kvonun, eyni zamanda regiona və dünyanın maraqlarına xidmət etmədiyi bir daha vurğulanıb: "Hesab edirəm ki, görüşün keçirilməsi yüksək dəyərləndirilməlidir. Şübhəsiz ki, Qarabağ münaqişəsinin ağır nəticəsi kimi, Ermənistanın problemlərlə üzləşməsi, eyni zamanda ölkə rəhbərliyinin erməni diasporları ilə gərgin durumda olması bir daha işğalçı ölkənin ağır vəziyyətdən çıxa bilməyəcəyini göstərir. Bütün bu deyilənlərdən belə bir nəticə hasil etmək olar ki, görüşlərin bundan sonra da davam etdirilməsi Ermənistan prezidentinin maraqlarına cavab vermir. Lakin Azərbaycan hər görüşdən-görüşə problemin həllində aparıcı qüvvəyə çevrilir".