Müsavatçı Müsavatı YIXDI, SÜRÜDÜ

5 Sentyabr 2014 16:06 (UTC+04:00)

"Müsavatda kollegial başqanlıq postunun yaradılması qətiyyən mümkün deyil". Sözügedən fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev İsa Qəmbərin qardaşı Rövşən Qəmbərin başqanlığa iddialıların kollegial başqanlıq postunda birləşməsi təklifinə münasibəti bildirərkən deyib.

MMP sədrinin sözlərinə görə, ən azından, Arif Hacılı kimi iddialı şəxs buna imkan verməyəcək: "Bilirsiniz ki, orada Arif Hacılı kimi iddialı var. Digər tərəfdən, bu günlərdə başqa bir iddialı Səxavət Əlisoy da açıb sandığı, töküb pambığı. O, Müsavat daxilində baş verən hər bir şeyi açıq şəkildə bəyan edib. Buradan da görünür ki, Müsavat Partiyası dağılıb, hətta rayon təşkilatlarından qurultaya nümayəndə seçməyə adam tapılmır".

Hafiz Hacıyev həmçinin qeyd edib ki, indi orada xarici təşkilatlardan qrant alan qüvvələrlə, partiyanı düşdüyü bataqlıqdan müəyyən səyləri ilə çıxarmaq istəyən qüvvələr mübarizə aparır: "Məsələn, o qüvvələr də istəyirlər ki, qrant alan qüvvələrin yerini tutsunlar. Beş-on il də onlar satqınlıq eləsinlər, bu vasitə ilə də ailələrini dolandırsınlar. Ona görə də İsa Qəmbərin qardaşının belə bir təklif verməsi ondan ibarətdir ki, əldə olan üstünlüklər hazırkı başqanın əlindən kənara çıxmasın".

MMP sədri İsa Qəmbərin qardaşının təklifinin özü tərəfindən verilmədiyi iddiasında olduğunu da deyib: "Bilirsiniz ki, Müsavat Partiyası daim kəşfiyyata işləyən bir təşkilat kimi tanınıb. İsa Qəmbərin qardaşı Almaniyada yaşayır. Ona görə də Rövşən Qəmbərin də müəyyən dairələrin təsiri altında olması şübhəsizdir. Yəni onun həmin təklifi arxasında müəyyən qüvvələrin təlimatının olması şəksizdir".

Hafiz Hacıyev Müsavatda qruplararası savaşın şiddətlənəcəyini də istisna etməyib: "Başqa tərəfdən, başqanlığa iddialı olan Tural Abbaslı da öz açıqlamalarında bildirir ki, partiyada sağlam mübarizədən çox, qruplararası mübarizə gedir və bu da partiyaya başucalığı gətirmir. Məsələn, Arif Hacılı öz etnik qrupu ilə hərəkətə keçib. Qubad İbadoğlu başqa yandan öz addımlarını atmaqda davam edir. Ancaq onların hər birinin məqsədləri birdir – xarici kəşfiyyata işləyərək, donoslar ötürərək qrant almaq. Yəni bunları real müsavatçılıq ümumiyyətlə, maraqlandırmır. Baxın, bu gün bir sıra QHT-lərin hesabları bağlanır. Həmin hesablar ona görə bağlanır ki, o hesabları dolduranlar Azərbaycanda çaxnaşma yaratmağa çalışan qüvvələrdir. Həmin qüvvələrə nökərçilik edənlər isə həmin bu şəxslərdirlər. İndi də durub deyirlər ki, kollegial başqanlıq postu yaradaq. Hansı kollegiallıqdan danışırlar ki, İsa Qəmbər Gürcüstana gedib bir milyon qazandıqdan sonra burada onu çox xəsisliklə bölüşdürdü. Pul çatmayan adamlar isə dərhal partiyadan istefa verib getdilər".

Hafiz Hacıyev Müsavat Partiyasından istefaya gedən bir sıra şəxslərin onlara faktlar verdiyini də gizlətməyib: "Müsavat Partiyasından gedənlərin əksəriyyəti bizə elə faktlar ötürüblər ki, harada, kiminlə və necə görüşüblər. Müsavatçıların bir dəstəsi İsveçrə səfirliyinin dəstəyi ilə işləyir, bir dəstəsi ABŞ-ın müəyyən institutları ilə əlbirdir. Bir dəstəsi də bilavasitə erməni lobbisinə işləyir. Bütün bunlar isə faktdır! Ona görə də bunların hər hansı bir təklifləri, addımları, ideyaları səmərə verməyəcəkdir. Ən azından, onların qarşısında Müasir Müsavat Partiyası dayanıb. Məhəmməd Əmin Rəsulzadənin müsavatçılıq ideyalarına sadiq olan Müasir Müsavat Partiyası".

Rövşən Nurəddinoğlu