Türkiyə Jandarm zabiti Azərbaycanda təltif edildi FOTO

5 Sentyabr 2014 13:52 (UTC+04:00)

Azərbaycan daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov Daxili Qoşunlarda ezamiyyət müddəti başa çatan Türkiyə Jandarm Qüvvələrinin zabiti, polkovnik Eyyub Şəkər və yeni fəaliyyətə başlayan polkovnik İzzət Cüralı qəbul edib. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, general-mayor Ş. Məmmədov Azərbaycan Daxili Qoşunları ilə Türkiyə Jandarm Komandanlığı arasında əməkdaşlıq əlaqələrinin son illər daha da inkişaf etdiyini deyib. O, Daxili Qoşunlarda uğurlu fəaliyyətini başa vuran polkovnik E. Şəkərə komandanlıq və şəxsi heyət adından təşəkkürünü bildirib, onu "Xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif edib.

Ş. Məmmədov yeni müşavir, polkovnik İ. Cürala gələcək fəaliyyətində nailiyyətlər arzulayıb. Polkovnik İ. Cüral öz növbəsində iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.