İlinin yekunları Qaxın təhsil işçiləri üçün uğurlu olub

4 Sentyabr 2014 19:07 (UTC+04:00)

2013-2014-cü tədris ilinin yekunları Qax rayonunun təhsil işçiləri üçün də uğurlu olub. Dövlətimizin başçısının təhsilin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələri şərəflə yerinə yetirən Qaxın təhsil işçiləri ötən tədris ilində gənc nəslin təlim-tərbiyəsi, onların kamil insan kimi formalaşması, xalqın milli adət-ənənələrinə, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaşların yetişdirilməsi sahəsində uğurlu nəticələr əldə ediblər. Bu fikirlər rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransında hesabat məruzəsində səsləndirildi.

Rayonun təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül-çiçək düzərək xatirəsinə ehtiramlarını bildirdilər.

Tədbir iştirakçıları daha sonra konfransın keçirildiyi Qax şəhərindəki 2 nömrəli məktəb-liseyin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar, məktəbdə yaradılan diyarşünaslıq muzeyi ilə tanış oldular.

Rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyevin hesabat məruzəsində bildirildi ki, ötən dərs ilində rayonun 54 ümumtəhsil müəssisəsində 6975 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 1309 müəllim məşğul olub. Diqqətə çatdırıldı ki, cari ildə rayonun tam orta məktəblərini bitirən 448 nəfər məzundan 300 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib, onlardan 176 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında 49 nəfər 500-dən, o cümlədən 19 nəfər 600 baldan yuxarı nəticə göstərib.

Qeyd olundu ki, ötən dərs ilində rayon məktəbliləri müxtəlif respublika müsabiqələrində, fənn olimpiadalarında, idman yarışlarında uğurla iştirak edərək bir sıra nailiyyətlər qazanıblar.

Hesabat məruzəsində, həmçinin təhsil müəssisələrinin yeni dərs ilinə hazırlıqla bağlı görülən işlərdən bəhs edildi, qarşıda duran vəzifələrə toxunuldu. Bildirildi ki, yeni dərs ili ərəfəsində 24 məktəbdə zəruri təmir işləri görülüb. Şəhər 4 nömrəli tam orta məktəbində dövlət vəsaiti hesabına əsaslı təmir işləri davam etdirilir. Təhsil Nazirliyindən alınan 179 adda 25836 ədəd dərslik, zəruri məktəb sənədləri hazırda bölgü əsasında məktəblərə çatdırılır.

Konfransda çıxış edənlər rayonun təhsil işçilərinə yeni dərs ilində daha yüksək nailiyyətlər arzuladılar.

Konfransın sonunda ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr göstərən tələbələrə fəxri fərmanlar təqdim olundu.