Ölkəmizin ən nüfuzlu elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası "Azərbaycanın Elm və Mədəniyyət Xadimləri" seriyasından AMEA-nın həqiqi üzvü, geologiya-minerologiya elmləri doktoru, Əməkdar elm xadimi, Azərbaycanın əməkdar geoloqu Arif Cəfər oğlu İsmayılzadənin elmi əsərlərinin biobiblioqrafik göstəricisi çapdan çıxıb. SİA-nın verdiyi məlumata görə, göstəriciyə akademikin Azərbaycan və xarici dillərdə çap olunmuş monoqrafiya və kitabları, nəşr olunmamış elmi əsərləri, müxtəlif məcmuələrdə və dövri mətbuatda dərc olunmuş məqalələri, elmi konqres, sessiya, simpozium, konfrans, müşavirələrdə çıxış və məruzələri daxil edilib.
Filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlinin elmi redaktorluğu ilə nəşr olunan biobiblioqrafiyada akademikin həyat və fəaliyyətinin əsas tarixləri, elmi, pedoqoji, təşkilati və ictimai fəaliyyəti haqqında qısa oçerk, alim haqqında yazılan məqalələr, onun elmi rəhbərliyi ilə müdafiə edilmiş dissertasiyalar əks olunub.
Göstəriciyə daxil edilmiş materiallar müvafiq bölmələr üzrə xronoloji qaydada yerləşdirilib. Biobiblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə kitabın sonunda informasiya-axtarış aparatı təqdim olunub. Bura alimin əsərlərinin, həm müəlliflərinin və onun haqqında yazan müəlliflərin əlifba göstəriciləri daxildir.