Səxavət Əlisoy: “Namizəd olan hər kəs ağlının səviyyəsini bilməlidir” MÜNASİBƏT

4 Sentyabr 2014 14:59 (UTC+04:00)

"Mən ən azından müxtəlif qəzetlərdə köşə yazarı olmuşam. Publisist yazılarımla bağlı kitabım işıq üzü görüb. Ona görə də mən digərlərindən fərqli olaraq, mövqeyi olan insanam". SİA-nın məlumatına görə, bu fikirləri Müsavat Partiyası başqanlığına iddialı, başqanın keçmiş müşaviri Səxavət Əlisoy onun həm partiyadaxili, həm də müxalifətdaxili açıqlamalarında ittihamçı rolunda çıxış etdiyini iddia edən tərəflərə münasibət bildirərkən deyib.

Səxavət Əlisoy bu kimi fikirlərin yaranmasını özünün mövqeli insan olması ilə əlaqələndirib: "İstər siyasətdə, istər həyatda, istər məişətdə, istər dostlar arasında – hər zaman mövqeyimi bildirən adam olmuşam və mövqeyi olan insanlara da hörmətim var. Ümumiyyətlə, mən mövqesiz insanlarla, dedi-qodu aparan adamlarla söhbət etmirəm. Hər şeyi obyektiv qiymətləndirməyi sevirəm".

Müsavat başqanının keçmiş müşaviri bəzi insanların siyasətlə bağlı fikirləri ilə razı olmadığını da deyib: "Bəziləri deyir ki, siyasətdə hər şeyi demək olmaz. Ancaq mənim də siyasətlə bağlı öz yanaşmam var. Çünki siyasətdə hər şeyi demək olar. Siyasət təmiz, saf, dürüst insanların yeridir. Manipulyasiya edənlər, digər bu kimi hallara sahib olanlar müəyyən zaman içində dayanmağa məcburdurlar. Çünki siyasətdə anlıaçıqlıq prinsipi var. Siyasətdə alnın açıq olmalıdır ki, uzun yol gedə biləsən və önəm verdiyim məsələ də budur. Kimlərsə bunu sərt ittiham kimi qəbul edirlərsə, özləri bilərlər".

Səxavət Əlisoy siyasətdə populizmi qəbul etmədiyini də bildirib və düşərgədə bu kimi hallara yol verənlərin vaxt itirdiyini deyib: "Mən populizmi heç vaxt qəbul etməmişəm. Populizm Azərbaycan siyasətində əhəmiyyəsiz bir şeydir. Ona görə də daha çox intellektə, məntiqə söykənirəm və bütün halların məntiqlə, intellektlə çözülməsinin tərəfdarıyam. Bu fikrin kiminsə xoşuna gəlib-gəlməməsi məni maraqlandırmır. İstər başqanlığa, istər postlara namizəd olan hər bir şəxs ayaqqabısının ölçüsünü əzbər bildiyi kimi, başındakı ağılın səviyyəsini də gözəl bilməlidir".

Səxavət Əlisoy başqanlığa iddialı kimi partiya rəhbərliyinə rəsmi müraciət etmədiyini də bildirib və qeyd edib ki, yaxın günlərdə bu addımı atacaq.

Rövşən Nurəddinoğlu