MSK sədri Rumıniyaya səfərə gedir

3 Sentyabr 2014 18:05 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa Seçki Rəsmiləri Assosiasiyasının 4-6 sentyabr tarixlərində Rumıniyada keçiriləcək 23-cü illik konfransında iştirak etmək məqsədilə bu ölkədə səfərdə olacaq.

Mərkəzi Seçki Komissiyası Katibliyi Media və ictimai əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Avropa Seçki Rəsmiləri Assosiasiyası və Rumıniya MSK tərəfindən birgə təşkil edilən tədbirdə Avropa ölkələrinin seçki idarəetmə qurumlarının rəhbərləri iştirak edir.

Avropa Seçki Rəsmiləri Assosiasiyasının baş katibi Zsolt Szolnoki və Rumıniya MSK-nın sədri Ana Maria Patrunun dəvətinə əsasən həyata keçirilən səfər çərçivəsində M.Pənahovun müxtəlif ölkələrin ali seçki orqanlarının rəhbərləri və digər rəsmi şəxslərlə görüşləri, qurumlararası əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. Səfər zamanı MSK sədrini Katibliyin müdiri Rövzət Qasımov müşayiət edəcək.