"ARDNŞ-in neft dağılmalarının xəbərdarlığı və ləğvi planı"

3 Sentyabr 2014 17:31 (UTC+04:00)

"ARDNŞ-nin neft dağılmalarının xəbərdarlığı və ləğvi planı" təsdiq olunub. Bu barədə SİA-ya Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir. Neftin hasilatı, nəqli, saxlanılması, emalı və satışı zamanı neft dağılmalarının qarşısını almaq və bu hallarla mübarizə aparmaq ARDNŞ-nin prioritet vəzifələrindəndir.

2013-cü ildə şirkətin Fövqəladə Hallar Komissiyasının nəzdində "Neft və neft məhsullarının dağılmalarının xəbərdarlığı və ləğvi əməliyyatlarının idarə olunması" üzrə işçi qrupu yaradılıb, Ekologiya İdarəsi tərəfindən respublikamızın dəniz və quru ərazilərində işləyən bütün struktur bölmələrin fəaliyyət sahələrini əhatə edən "ARDNŞ-nin neft dağılmalarının xəbərdarlığı və ləğvi planı" (NDXLP) hazırlanıb. Planın hazırlanması zamanı mövcud qanunvericilik, habelə ARDNŞ-nin struktur bölmələrinin "Fövqəladə hallara hazırlıq planı", Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış "Dənizdə neft dağılmalarının xəbərdarlığı və ləğvi Milli Planı" layihəsinin tələbləri əsas götürülüb, aidiyyəti mütəxəssislərlə müzakirələr aparılıb, rəy və qeydlər nəzərə alınıb.

FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ, BP neft şirkəti və digər təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunmuş seminarda NDXLP-nin layihəsinin təqdimatı keçirilib və Plan müsbət qiymətləndirilib. ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi arasında əməkdaşlıq çərçivəsində cəlb olunmuş neft dağılmalarına qarşı cavab tədbirləri üzrə beynəlxalq məsləhətçi-ekspert tərəfindən plana müsbət rəy verilib. ARDNŞ prezidentinin müvafiq əmri ilə NDXLP təsdiq edilib.