Əli Abbasov: "Bu gün əsas yük özəl şirkətlərin üzərinə düşür"

3 Sentyabr 2014 15:28 (UTC+04:00)

"Bu gün Bakıda "Azərbaycan rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit" mövzusunda konfrans keçirilir. Konfransda əsasən dövlət, özəl şirkətlərin əməkdaşlığı, dövlət tərəfindən yüksək texnologiyalar sahəsində özəl şirkətlərin inkişafı üçün yaradılan şərait və gələcəkdə perspektivli layihələr, habelə bu istiqamətdə bir slra məsələlər ətrafında müzakirələr aparılacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tədbirin əhəmiyyətindən danışarkən deyib.

Nazir əlavə edib ki, bu gün özəl şirkətlər dövlət sifarişlərində, həmçinin dövlətin yaratdığı düzgün şəraitdən istifadə edərək digər layihələrin həyata keçirilməsində daha maraqlıdırlar: "Ona görə də bu gün əsas yük özəl şirkətlərin üzərinə düşür. Yüksək Texnologiyalar inkişaf etmiş ölkələrin transmilli şirkətləri ilə birgə layihələrin həyata keçirilməsində daha da maraqlıdırlar. Tədbirdə bundan sonra dövlətin bu istiqamətdə hansı addımlar atacağı, rəqabət qabiliyyəti mühitinin genişləndirilməsi və s. kimi məsələr ətrafında fikir mübadiləsi aparılacaq".

Qeyd edək ki, Azərbaycan-Amerika Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən "Azərbaycan rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit" konfransında dövlət və hökumət nümayəndələri, özəl şirkətlərin nümayəndələri də iştirak edir.