Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilən tədbirlərdən biri də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakıda təşkil edilmiş "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü olub. SİA-nın verdiyi məlumata görə, bu görüşdə iştirak etmək məqsədilə Bakıya səfər edən rəsmilər arasında Avropa Şurasının Demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof Bas da olub.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Jan-Kristof Bas ilə görüş keçirib. Qeyd etmək lazımdır ki, BMT-nin Sivilizasiyalar Alyansında işlədiyi müddətdə cənab Bas Bakıda 2011 və 2013-cü illərdə keçirilən I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının təşkilində yaxından iştirak edib. Görüş zamanı 2015-ci ildə keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili haqqında müzakirələr aparılmışdır. Cənab Bas yeni vəzifəsinin icrasına başladıqdan sonra da Avropa Şurası - Azərbaycan əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu xüsusi vurğulayıb. Digər müzakirə olunan mövzular arasında Bakıda 2016-cı ildə keçiriləcək BMT Sivilizasiyalar Alyansının növbəti forumu və digər perspektiv istiqamətləri yer alıb.