“Milla” “Bakı-2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı oldu

2 Sentyabr 2014 21:12 (UTC+04:00)

"Bakı-2015" Avropa Oyunları ilə yüksək keyfiyyətli süd təchizatçısı olan "Milla" şirkəti arasında rəsmi tərəfdaşlıq sazişi imzalanıb. SİA azərtac-a istinadən xəbər verir ki, sazişə əsasən, "Milla" şirkəti Azərbaycanda 5000-dən artıq dükanda reklam işi aparacaq, bütün məhsullarının və işçilərinin uniformalarının üzərində "Bakı-2015" loqosunu yerləşdirəcək.

Həmçinin daxilində dondurmaların olacağı furqonlar vasitəsilə də şirkətin məhsulları "Bakı-2015" yarışlarının keçiriləcəyi obyektlərdə görünəcək. Şirkət televiziyada geniş reklam kampaniyası aparmaqla da Avropa Oyunlarını dəstəkləyəcək.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq "Milla"nın Azərbaycanda tanınmış və çox sevilən brend olduğunu diqqətə çatdırıb. Bildirib ki, biz onları Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi salamlamaqdan məmnunuq. Əməkdaşlığa görə şirkət təbliğat işləri aparmaqla və ölkənin hər yerinə mallarını çatdırdığı furqonların üzərində "Bakı-2015" brendini təsvir etməklə bütün Azərbaycan ərazisində Avropa Oyunlarının reklamını həyata keçirəcək.

"Milla" şirkətinin idarəetmə üzrə direktoru Filip Rayt deyib: "Biz "Bakı-2015"in rəsmi tərəfdaşı olmaqla Avropa Oyunları ailəsinə qoşulduğumuz üçün çox şadıq. Avropa Oyunları Azərbaycanın tarixinə heyrətamiz anlar kimi daxil olacaq və biz bütün Avropanın zövq alacağı idman yarışlarına gedən yolun bir hissəsi olduğumuz üçün fəxr edirik".

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna bildirib ki, "Milla"nın Azərbaycanda tanınan bir brend olması bu şirkətin "Bakı-2015"in ideal tərəfdaşı olduğunu göstərir və onların dəstəyinə etibar etmək çox gözəldir.

"Milla" "McDonalds" və "Tickethour"dan sonra "Bakı-2015" Avropa Oyunlarının üçüncü rəsmi tərəfdaşıdır.