Masallıda ana əkiz övladlarından imtina edib

2 Sentyabr 2014 17:55 (UTC+04:00)

Masallıda tükürpədici hadisə baş verib. SİA-nın Cənub bürosunun verdiyi xəbərə görə, ana yenicə dünyaya gətirdiyi əkiz uşaqlarından imtina edib. Hadisə rayonun Boradigah qəsəbə sahə xəstəxanasında qeydə alınıb. Masallının Şatıroba kənd sakini, 33 yaşlı Şahnaz Həsən qızı Nəzərova əri, 79 yaşlı Əliniyaz Əşrəf oğlu Nəzərovla nikahından əkiz-qız və oğlan uşağı dünyaya gətirib. Həkimlərin səyləri nəticəsində dünyaya sağlam göz açan qızın çəkisi 3,2 kq, oğlanın isə 3 kq olub. Lakin buna baxmayaraq valideynlər buna sevinmık əvəzinə, hamını şoka salacaq qərar qəbul ediblər. Ana dünyaya gətirdiyi övladlarını xəstəxanada qoyaraq evə qayıdıb.

Boradigah qəsəbə sahə xəstəxanasının baş həkimi Aygün Quliyevanın sözlərinə görə, xəstəxanadan adiyyatı qurumlara edilən müraciətdən sonra hər iki körpə Bakıdakı uşaq evlərinin birinə yola salınıb.

Qeyd edək ki, 79 yaşlı Əliniyaz Nəzərov 3 dəfə evlilik həyatı yaşayıb. Şahnaz Nəzərova ilə izdivacdan hazırda 3 övladı – 2 oğlu, 1 qızı var. Əkizlərdən imtina etməsinə isə valideynlər maddi durumlarının aşağı olmasını göstərib.

Sərraf Mirsəfəroğlu