Nazir xaricdə təhsil alacaq tələbələrin növbəti qrupu ilə görüşüb

2 Sentyabr 2014 17:06 (UTC+04:00)

Təhsil naziri Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin növbəti qrupu ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkənin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş tələbələrin növbəti qrupu təhsilini Böyük Britaniya, ABŞ və İspaniyada bakalavriat və magistratura səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Corc Vaşinqton, Edinqburq, Empreza, Qlazqo, Kinqs Kollec, London İqtisadiyyat Məktəbi kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclər yer alır.