Azad Rəhimov: “Gələcəkdə çimərlik futbolu üzrə beynəlxalq yarışlara ev sahibliyi etməyi düşünürük”

2 Sentyabr 2014 16:03 (UTC+04:00)

"Əminəm ki, çimərlik futbolu gələn il Bakıda keçiriləcək ilk Olimpiya oyunlarında yüksək səviyyədə təqdim olunacaq". Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə bu sözləri gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən "Euro Beach Soccer Cup Baku 2014" lə bağlı təəssüratlarını bölüşərkən deyib.

Çimərlik futbolunun böyük həvəskarı olduğunu dilə gətirən nazir vurğulayıb ki, dünyanın ən məşhur idman yarışlarından biri olan çimərlik futbolu gələn il ölkəmizdə keçiriləcək Avropa Olimpiya oyunlarında digər idman növləri sırasında olacaq: "Çimərlik futbolu ilə əlaqədar ölkəmizə dünya şöhrətli komandalar təşrif buyuracaq. Əminəm ki, sözün əsl mənasında çox maraqlı yarışlar keçiriləcək".

"Euro Beach Soccer Cup Baku 2014"-ə qatılan nazir Azad Rəhimov eyni zamanda Ümumdünya Çimərlik Futbolu Təşkilatının baş icraçı directoru Joan Cusco, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və Ümumdünya Çimərlik Futbolu Təşkilatının baş icraçı directorunun müavini Gabino Renales və AFFA-nın baş katibi Elxan Məmmədov ilə görüşüb.

"Dövlət idmanın inkişafına yüksək səviyyədə diqqət verib, maliyyə vəsaiti ayırır. Bizim əsas məqsədimiz gənc nəsildə yeni və maraqlı idman növlərinə maraq oyatmaqdır. Çimərlik futbolu da bu idman növlərindən biridir. Gələcəkdə çimərlik futbolu üzrə beynəlxalq yarışlara ev sahibliyi etməyi düşünürük və əminəm ki, biz birlikdə çox böyük uğurlara imza atacağıq".