Politoloq: “Rusiya iki həftəyə Kiyevi alacaq qədər güclü deyil”

2 Sentyabr 2014 15:27 (UTC+04:00)

"Rusiya Putinin dediyi kimi, iki həftəyə Kiyevi alacaq qədər güclü deyil". Bunu SİA-ya politoloq Qabil Hüseynli Rusiya prezidenti Vladimir Putinin onu Ukraynaya hərbi müdaxilədə günahlandıran Avropa liderlərini sərt tonda hədələməsinə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Rusiyanın Ukraynanın şərqinə tanklar yeritməsi ilə heçnə həll olunmur: "Rusiya bu bölgəyə cəmi 30 min əsgər, 100 tank, 60 qırıcı təyyarə çıxara bilər. Çünki, uzaq şərq bu bölgəyə əsgər gətirməyəcək. Bununla belə Ukraynanın da müttəfiqləri, arxasında duran qüvvələr var. Onlar həm Ukrayna ordusunun yenidən qurulmasına, partizan hərəkatının başladılmasına, Rusiyanın dərinliklərində təxribatların başladılmasına başlaya bilərlər".

Onun sözlərinə görə, Rusiya bütün riskləri göz önünə alaraq hərəkət etmək istəsə də məsuliyyətli siyasətçi başa düşməlidir ki, hər şeyin bir bumeranq tərəfi var.

Q. Hüseynli deyib ki, Putin yalnız Ukrayna üçün deyil, bütün dünya üçün təhlükədir: "Hətta o, Hitlerdən də təhlükəlidir. Bu gün Putindən istənilən hərəkəti gözləmək olar".

Politoloq NATO və Qərbi Ukrayna böhranına lazımı diqqət göstərməməkdə günahlandırıb: "Bu ana qədər NATO və Qərb rəhbərləri yalnız boğazdan yuxarı sözlər, bəyanatlar səsləndiriblər. Hesab edirəm ki, bu kimi hallara son qoyulmalıdır və real iş görülməlidir. NATO qüdrətli, müttəfiqlərini qorumaq iqtidarında olan təşkilat olduğunu göstərməlidir".

Politoloq ümid edir ki, NATO-nun 3-5 sentyabrda Uelsdə keçiriləcək zirvə toplantısında Rusiyanı durduracaq təcili tədbirlər görüləcək.