"Səs"dən Cəmil Həsənliyə cavab

2 Sentyabr 2014 12:27 (UTC+04:00)

"Cəmil Həsənlinin SİA-nın reytinqi barədə səsləndirdiyi fikirlər yanlışdır. SİA şəffaf reytinq ölçüsü və operativ iş prinsipilə Azərbaycan saytları arasında fərqlənənlər siyahısındadır. Səs Tv isə respublika üzrə internet televiziyalar arasında ən reytinqlisidir. Çünki Səs Tv Azərbaycanda ilk internet televiziyası olub. İnternet mediaya bu yeniliyi biz gətirmişik və sonradan internet televiziyaların sayı artıb". Bu fikirləri AzVision.az-a açıqlamasında Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev Milli Şura sədri Cəmil Həsənlinin SİA haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

B. Quliyev Cəmil Həsənlinin YAP-ın mətbuat orqanının reytinqinin az olması haqda iradını əsassız hesab edib: "Mən Cəmil Həsənlini ciddi siyasətçi kimi tanımıram. O, yalnız öz təsəvvürlərini səsləndirməklə məşğuldur. Təkcə bizimlə bağlı deyil, həmçinin siyasətdə də bu cəhəti özünü biruzə verir. Azərbaycanda keçirilən prezident seçkiləri zamanı da Cəmil Həsənlinin düzgün mövqe seçmədiyi bütün xalqa məlum oldu".

SİA-nın reytinqinə gəlincə isə Bəhruz Quliyev bunun redaksiya sirri olduğunu bildirib: "Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin jurnalistlərlə görüşündə də qeyd olundu ki, saytlar süni "İP" artırmaqla, reytinq və dolayı yollarla reklam axtarışındadırlar. Kimsə süni yolla artıra bilər, amma bizdə İP sayı oxucu kütləsinə görə ölçülür. Konkret "İP" sayına gəlincə isə, bunu deyə bilmərəm, çünki bu bizim qurumun özəl sirridir".

Xatırladaq ki, Milli Şuranın sədri Cəmil Həsənli YAP-ın mətbu orqanı haqqında danışarkən bu fikirləri iddia edib: "Yarım milyon nəfər üzvü olduğunu iddia edən YAP-ın mətbu orqanının İnternet saytını gündə cəmi 7 nəfər oxuyursa, burada hansı ictimai təsirdən danışmaq olar?"