Pakistan mətbuatı Ermənistanın işğalçılıq siyasətindən yazır

1 Sentyabr 2014 19:13 (UTC+04:00)

Pakistanın "Daily Pardez", "Daily Azkaar" qəzetləri və "Pakistan in the world" İnformasiya Agentliyi "Azərbaycan köçkünlərinin acı taleyi" adlı məqalə yayıb. "Daily Pardez" qəzetinin baş redaktoru Tazin Axtarın müəllifi olduğu məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 25 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin regionda ciddi təhlükələr yaratdığı bildirilir.

Müəllif yazır ki, Ermənistan Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlı ata-baba yurdlarından qovulub və məcburi köçkün vəziyyətinə düşüb. Rəsmi Yerevan beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri çoxsaylı qətnamələrə məhəl qoymur və işğalçılıq siyasətini davam etdirir.

Məqalədə Pakistanın Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyi və ölkə parlamentinin 2012-ci ilin fevralında, 2013-cü oktyabrında bununla bağlı iki qətnamə qəbul etdiyi xatırlanır. Qeyd edilir ki, 1994-cü ildə imzalanmış atəşkəs sazişinə baxmayaraq, qoşunların təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması adi hala çevrilib.

Məqalədə bu ilin iyul ayında Dilqəm Əsgərovun, Şahbaz Quliyevin və Həsən Həsənovun Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülməsindən bəhs edilir, bu, etnik təmizləmə siyasətinin davamı kimi qiymətləndirilir.

Onların Ermənistan tərəfinin iddia etdiyi kimi diversant deyil, ata-baba yurdlarını ziyarətə gedən sadə insanlar olduqları bildirilir.

Müəllif Ermənistan müdafiə nazirinin guya saxlanılan şəxslərin bu ölkənin qanunlarını pozmaları ilə bağlı fikirlərini xatırladır və bildirir ki, bu sözlərlə ermənistanlı nazir əslində rəsmi Yerevanın Dağlıq Qarabağ münaqişəsində birbaşa iştirakını təsdiqləyib. Məqalədə deyilir: "Maraqlıdır beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Azərbaycanın sərhədləri hüdudunda saxlanılmış şəxslər Ermənistanın qanunvericiliyi ilə necə mühakimə oluna bilər? Məsələnin absurdluğunu dərk edən ermənilər sonralar bu şəxslərin qondarma "Dağlıq Qarabağ Respublikası"nın "cinayət məcəlləsi" ilə mühakimə olunacaqlarını bildirdilər".

Müəllif saxlanılmış azərbaycanlılara qarşı irəli sürülən ittihamların gülünc olduğunu və heç bir məntiqə sığmadığını, Ermənistanın Cenevrə Konvensiyasının müddəalarını ciddi şəkildə pozduğunu vurğulayır.

Məqalədə erməni əsirliyində olan minlərlə azərbaycanlının taleyi haqqında hələ də heç bir məlumatın olmadığı oxucuların diqqətinə çatdırılır.

Müəllif, həmçinin bu yaxınlarda Karen Petrosyan adlı bir erməninin Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun tərkibində təxribat törətmək məqsədilə Azərbaycan ərazisinə daxil olduğunu, onun əsir düşdüyünü, sonradan məlum olmayan xəstəlik səbəbindən öldüyünü, bu faktla bağlı Beynəlxalq Qırmızı Xaç təşkilatının dərhal məlumatlandırıldığını, müvafiq tibbi ekspertizanın keçirildiyini xatırladır. "Lakin ən maraqlısı odur ki, ermənilərin azərbaycanlılara qarşı qeyri-insani davranışlarına laqeyd qalan bəzi qərb dövlətləri Petrosyanın ölümü ilə bağlı "narahatlıqlarını" bildirdilər. Bu kimi münasibət işğalçıları dolayı yolla həvəsləndirir və mövcud ikili standartları bir daha qabarıq şəkildə nümayiş etdirir", - deyə yazıda bildirilir.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://www.pakistanintheworld.com/content/ill-fate-azerbaijani-idps

Qulu Kəngərli