YAP GB-də yüksək bal toplayan gənclərlə görüş keçirilib FOTO

1 Sentyabr 2014 17:25 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisində cari il ali təhsil müəssisələrinə qəbul zamanı yüksək bal toplamış tələbələrlə görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan YAP GB-nin sədri Seymur Orucov ilk olaraq birliyin fəaliyyəti haqqında tədbir iştirakçılarına qısa məlumat verib. Sədr çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün ölkənin seçilən tələbələrinin görüşdə iştirakından məmnunluğunu dilə gətirib.

Seymur Orucov həmçinin bildirib ki, YAP sıralarına qatılan gənclərin sayı ildən-ilə artır və bu davam etməkdədir: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, fəaliyyəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Yeni Azərbaycan Partiyasının sıralarına qatılmaq istəyənlərin sayı olduqca çoxdur. Gənclər Birliyinə üzv olanlar da hər il artmaqdadır. Artıq Birliyin 250 mindən çox üzvü var. Bundan sonra biz üzv olmaq istəyən vətəndaşlar arasında seçim edəcəyik".

Daha sonra YAP GB-nin fəaliyyəti haqqında 3 dəqiqəlik foto slayd nümayiş olunub.

Təbirdə iştirak edən tələbələrə YAP GB tərəfindən hədiyyələr təqdim olunub və sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, tədbir iştirakçıları görüşdən əvvəl Fəxri Xiyabanda olub, Ulu Öndər Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın məzarını ziyarət edib, xatirələrini dərin ehtiramla yad ediblər. Daha sonra gənclər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyəti ilə tanış olublar.

Təranə Səfərova