Tamaşaçılar tərəfindən sevilən "Həyat sən nə qəribəsən" və "Bir ailəm var" seriallarının ssenaristi və aktyoru Elsevər Mehdizadənin müsahibəsini SİA-ya oxucularına təqdim edirik:
- "Həyat sən nə qəribəsən" və "Bir ailəm var" serialları təzə mövsümü nə vaxtdan başlayacaq?
- Serialların təzə mövsümləri sentyabr ayının 8-dən etibarən Xəzər TV-də yayımlanacaq. Hər iki serialımız tamaşaçıların xahişi ilə həftədə 5 dəfə olacaq. Saat 21:35-də "Həyat sən nə qəribəsən", 22:20-də isə "Bir ailəm var" serialları evlərimizin qonağı olacaq.
- Yeni mövsümdən seriallarda hansı aktrisa və aktyorları görə bilməyəcəyik?
- Hər iki serialımızı əksər aktyorlar və aktrisalar tərk edib. Buna səbəb isə onların serialdakı hekayələri bitib və ya ölərək komandadan ayrılıblar.
- Bəs, bu mövsümdən yeni simalar görə biləcəyik?
- Bəli. İlqar Musayev, Vüsal Hacıqədir, Rəşad Kəsəmənli, Faiq Ağalamıyev, Rəvanə Mamerzayeva, Kamal Dəniz kimi tanınmışlar qatılıb. Tamaşaçılar bu aktyorların hansı serialda olacağını sentyabrın 8-də biləcəklər. Onu da deyim ki, seriallar prezident İlham Əliyevin maliyyə dəstəyi ilə həyata keçir. "Həyat sən nə qəribəsən" serialının yaradıcı heyyəti qurluşçu rejissor Ramin Nəbiyev, baş ssenarist Valeh Əhmədov, ssenaristlər Elsevər Mehdizadə, Failə Nəbiyeva, Azər Səlimli, Çingiz Mütəllimov, Könül Məmmədova, Könül Mehrəliyeva, Sara Bayramova, Könül İsayeva, Araz Atakişiyeva, Elvin Ağayev, prodüser Şahin Yusifov və başqalarıdır. Baş rolları Tural Baxış, Elnur Hüseynov, Zülfiyyə Qurbanova və digərləri canlandırır. "Bir ailəm var" serialının yaradıcı heyyəti isə qurluşçu rejissor Rüfət Şahbazov, baş ssenarist Valeh Əhmədov, ssenaristlər Elsevər Mehdizadə, Failə Nəbiyeva, Azər Səlimli, Çingiz Mütəllimov, Könül Məmmədova, Könül Mehrəliyeva, Sara Bayramova, Könül İsayeva-Səlimli, Araz Atakişiyeva, Elvin Ağayev, prodüser-Sənan Məmmədovdur. Baş rollarda Həmidə Ömərova, Elşən Rüstəmov, Rada Nəsibova, Kənan Yusifov, Günel Həmidova çəkilib.
- "Bir ailəm var" serialındakı Orxan və Səmanın qovuşa bilməməklərinə səbəb nədir?
- Biz serialda onları bir araya gətirmək istəyirik. Amma ailələri buna razı olmur (gülür).
- Azərbaycan serialları türk kinoları qədər niyə izlənilmir?
- Yerli seriallarımızın sektoru yenidir. Türklər belə 5 il də bu qədər uğur əldə etməyiblər. Bunun üçün müəyyən qədər zaman lazımdır.
- Seriallarımızı tamaşaçılar niyə qınayır?
- Hər kəsin zəhmət çəkdiyi iş öz ailəmində mükəmməldir. Məncə buna tamaşaçılar qərar verə bilər. Əgər sorğu keçirilsə seriallarımızı bəyənənlər bəyənməyənlərdən daha çox olacaq.
- Ayrı-ayrı seriallarda eyni aktyorların rol almağı düzgündürmü? Sizcə rejissorlar aktyor qıtlığı yaşayır?
- Bir aktyor kimi mən buna düzgün baxmıram. Əgər aktyor bir yox, bir neçə seriala çəkilirsə onlardan hansınısa yola verməlidir. Amma Xəzər TV-yə məxsus olan seriallarda aktyor ilə müqavilə bağlanır. Müqavilənin şərtinə görə, aktyor başqa seriala çəkilə bilməz.