Oktay Səmədov: "Biz ölkə əhalisini nur yayan bilik çırağı ətrafında toplamağı düşünürük" MÜSAHİBƏ

27 Avqust 2014 15:46 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun SİA-ya müsahibəsi:

- Oktay müəllim, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Bilik Fondu təsis olundu. Oxucularımıza Bilik Fondunun yaranma zərurəti barədə məlumat verə bilərsinizmi?

- Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd edilən bu Fərmanının əsas qayəsi insanları maarifləndirməkdən ibarətdir. Cəmiyyətin inkişaf meyarlarından birinin bilik olması danılmazdır. Məhz bu həqiqətdən çıxış edərək deyə bilərik ki, Bilik Fondunun yaranması ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu gün Azərbaycanın hərtərəfli inkişafı göz qabağındadır. Əhalinin həyat səviyyəsinin gündən-günə daha da yaxşılaşması, insanların sosial problemlərinin həlli məqsədilə həyata keçirilən işlər hər birimizi sevindirir.

Ölkəmizin iqtisadi, siyasi, hüquqi, mədəni sahələrdə inkişafını dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatları dilə gətirir, bu inkişafı yüksək dəyərləndirirlər.

Tarixə nəzər salsaq, 90-cı illərin əvvəllərindən bu günə qədər həyata keçirilən islahatların insanların həyatındakı rolunu açıq-aydın görərik. Son 10 ildə isə iqtisadi inkişafdan əldə olunan kapital birbaşa insan kapitalının inkişafına yönəldilib. Cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, bizim ən böyük qazancımız insanlarımızın təfəkkürünü, düşüncəsini ölkəmizin potensialının yüksəldilməsinə istiqamətləndirməkdir. Azərbaycan vətəndaşlarının ölkənin daxili və xarici siyasətini, aparılan islahatları, görülən işlərin nəticələrini bilib dəyərləndirməsi, açıq-aydın dərk etməsi çox vacibdir. İnsan özünü, yaşadığı ölkəsini daha yaxşı tanımalıdır. Bununla bərabər, insan dünyanı daha yaxşı tanımalıdır.

Bilik Fondunun Nizamnaməsində üç əsas fəaliyyət istiqaməti göstərilib; bunlar ölkə əhalisinin daha sistemli və dərindən maarifləndirilməsi, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin insanlara çatdırılması və xaricdə əldə edilən elmi nailiyyətlərin ölkəmizə gətirilməsindən ibarətdir.

Bu mənada Bilik Fondu Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq məfkurəsinin geniş təbliğinə, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən hadisələrin mahiyyətinin açıqlanması və əhalinin bütün təbəqələrinə çatdırılmasına xüsusi önəm verəcək. Biz ölkə əhalisinin bütün təbəqələrinin nümayəndələrini nur yayan bilik çırağı ətrafında toplamağı düşünürük. Bu istiqamətdə ən önəmli vəzifəmiz yerli ziyalı potensialından, yerli yeniyetmə və gənclərin gücündən məqsədəuyğun istifadə etməkdir.

- Bilik Fondu bu missiyasını hansı yollarla həyata keçirməyi planlaşdırır?

- Ölkə rəhbərliyinin bizlərə həvalə etdiyi bu şərəfli missiyanı layiqincə yerinə yetirmək üçün mütərəqqi olan bütün yollardan istifadə ediləcək. Bilik Fondu məhz elmi-texniki, sosial-iqtisadi, hüquqi, humanitar biliklərin davamlı şəkildə artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin əhali arasında geniş təbliği, gənclərin ekoloji təfəkkürünün formalaşdırılması məqsədi ilə fəaliyyətə başlayıb.

Məqsədimiz insanlara bilik çatdırmaqdırsa, bu prosesdə təkcə Fondun əməkdaşları deyil, bütün ölkə vətəndaşları iştirak etməlidir. Biz Bilik Fondu olaraq bu amal ətrafında insanları birləşdirməyə, yerlərdə müxtəlif layihələrə cəlb etməyə çalışacağıq. Niyyətimiz həm də həyata keçirəcəyəmiz layihələrdə ən ucqar kənd və qəsəbələrin belə əhalisinin fəal iştirakını təmin etməkdir.

Bilik Fondunun məqsədi və vəzifələrindən irəli gələn məsələlərin həlli üçün artıq bir sıra layihələrə başlamışıq. "Docendo discimus" layihəsi, adından da göründyü kimi, öyrədərək öyrənməyə xidmət edir. "Ustad və şəyird", "Azərbaycan elmi xaricdə", "Dünya elmi Azərbaycanda", "Epizod", "Auditoriya+", "Qardaşlaşmış məktəblər", "Dini abidələrdə tarixin izləri" kimi layihələri göstərmək olar.

Qeyd edə bilərəm ki, mətbuatda haqqında geniş məlumat verilmiş "Dini abidələrdə tarixin izləri" və "Qardaşlaşmış məktəblər" layihələri cəmiyyət tərəfindən maraqla qarşılanıb. Birinci layihə çərçivəsində Bərdə İmamzadəsində olan Fondun əməkdaşları yerli ziyalıların və Bərdə camaatının layihəyə marağının böyük olduğunu vurğulayırlar. Məlumdur ki, Bərdə İmamzadəsində 5-ci imam Məhəmməd Bağırın qız nəvəsi Şahzadə İsmayıl dəfn olunub. İmamzadənin ətrafında da xeyli sayda tarixi şəxsiyyətlərin məzarları var. Əməkdaşlarımız ilkin mərhələdə qəbirüstü yazıların və daş kitabələrin fotoşəkillərini çəkib, kompleksi lentə alıblar. Sonrakı mərhələdə bu yazılar oxunub təhlil ediləcək, tariximizin müvafiq dövrünə əlavə qeydlərin mümkünlüyü müəyyənləşdiriləcəkdir.

- Bildiyimizə görə, bərdəlilər İmamzadənin vaxtı ilə ermənilər tərəfindən müdaxiləyə məruz qaldığını, daşlar üzərindəki yazıların, əsasən də, tarixlərin silindiyini deyirlər. Abidənin indiki vəziyyəti də ürəkaçan deyil. Layihə çərçivəsində bərpa işlərinin həyata keçirilməsi planlaşdırılırmı?

- Ölkəmizdə dini və tarixi abidələrin qorunması, bərpası, məscidlərin, o cümlədən sinaqoq və kilsələrin təmir olunması dövlətin diqqət mərkəzindədir. Ölkə Prezidentinin bu istiqamətdəki sərəncamları, gerçəkləşdirilən layihələr əsaslı addımların atılmasına, dini abidələrdə tarixi izlərin aşkara çıxarılmasına zəmin yaradır. Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin iştirakı ilə Bərdə İmamzadəsi kompleksinin müəyyən təmiri və bərpasını nəzərdə tutur. Məqsədimiz ilin sonuna qədər İmamzadə məkanını insanların mənəvi rahatlıq tapa biləcəyi, məktəblilərin Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı kifayət qədər əlavə bilik ala biləcəyi bir yerə çevirməkdir. Layihəyə cəlb edilmiş Bərdə gəncləri məzarlıqda görülən təmizlik və bərpa işlərində böyük həvəslə çalışırlar.

- Mətbuatda Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi ilə bağlı məlumatlar yayılıb. Bu layihə ilə bağlı fikir bildirməyinizi xahiş edirik.

- "Qardaşlaşmış məktəblər" lahiyəsinin koordinatoru Bilik Fondunun aparat rəhbəri, professor Rəfail Həsənovdur. Layihə çərçivəsində sentyabrın 5-dən 15-nə qədər silsilə tədbirlərimiz nəzərdə tutulur. Müxtəlif bölgələrdən seçilmiş 10 məktəbin hər birindən, təxminən, 12-14 nəfər şagird, digər bölgələrdən 10 məktəbin şagirdlərinin qonağı olacaq. Məktəblər arasında qardaşlıq müqaviləsi imzalanacaq. Birlikdə tarixi-mədəni yerlərə gəzintilər təşkil olunacaq, bilik yarışmaları, dəyirmi masalar keçiriləcək. Onu da qeyd edim ki, bu layihənin işinə digər məktəblərin müəllim və şagirdləri, yerli əhali və ziyalılar da cəlb olunacaq.

Sentyabrın 15-i - Bilik Günündə isə Azərbaycanın bütün rayonlarında məktəblərdə tanınmış şəxslər – elm və mədəniyyət adamları mühazirələr oxuyacaqlar.

Bu layihə "İlboyu bilik" proqramının tərkibinə daxil olan layihələrdən yalnız biridir.

- Oktay müəllim, Bilik Fondunun fəaliyyəti necə tənzimlənəcək?

- Bilik Fondunun fəaliyyəti Fondun Himayəçilik Şurası tərəfindən tənzimlənəcək. Şuraya Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, hörmətli alimimiz akademik Akif Əlizadə rəhbərlik edir. Ölkə prezidentinin Sərəncamı ilə tanınmış ictimai xadimlər və alimlər - Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Tibb Universitetinin rektoru, Millət vəkili, akademik Əhliman Əmiraslanov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, professor Azərpaşa Nemətov, Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Millət vəkili, professor Sahibə Qafarova, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Millət vəkili Mübariz Qurbanlı Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər. Belə dəyərli alimlərin himayəçilik etdiyi Bilik Fondu, əlbəttə, öz missiyasını layiqincə yerinə yetirmək gücündədir. Bilik Fondu Himayəçilik Şurasının hər bir üzvünün imkanlarından, təcrübəsindən və məsləhətlərindən yararlanmağı düşünür. Bu məqsədlə Fondun Himayəçilik Şurasının üzvü akademik Kamal Abdullayev yeni formalaşan kollektivimizlə davamlı treninqlər keçirir. Çox böyük əhəmiyyəti olan bu treninqlərin gələcəkdə Himayəçilik Şurasının digər üzvləri ilə də keçirilməsi nəzərdə tutulub.

Bundan əlavə, Bilik Fondunun ölkəmizdə müxtəlif elm, mədəniyyət, ictimai, sosial sahələrdə fəaliyyət göstərən, cəmiyyət tərəfindən çox yaxşı tanınan ziyalılarımızdan ibarət Ekspert Şurası da formalaşmaqdadır. Təbii ki, fəaliyyətimizin istiqamətləndirilməsində bu ekspertlər bizə yaxından kömək edəcəklər.

- Bilik Fondunun Nizamnaməsində xarici ölkələrdə nümayəndəliklərin və ölkə daxilində filialların, "Bilik evləri"nin yaradılması nəzərdə tutulub, bu istiqamətdə hansı işlər görülür?

- Bilik Fondunun bölgələrdə filiallarının, "Bilik evləri"nin və xaricdə nümayəndəliklərinin yaradılması sahəsində hal-hazırda işlər gedir. Artıq rayonlarda Bilik Fondunun rayon ziyalılarından ibarət nümayəndələri müəyyənləşib, bizim onlarla sıx əlaqələrimiz var. Fond rayonlarda keçirəcəyi layihələrə yerli ziyalıların və ictimaiyyət nümayəndələrinin cəlb olunmasını rayon nümayəndələrinin vasitəsilə həyata keçirəcək. Maarifləndirici layihələrin gerçəkləşməsində Fondun dayaq nöqtəsinə çevriləcək filialların üzvləri öz bölgələrində nüfuz sahibi olan tanınmış ziyalılar, elm və təhsil işçiləridir. Yaxın gələcəkdə Bilik Fondunun xarici ölkələrdə də filiallarının yaradılması nəzərdə tutulur. Bu istiqamətdə Azərbaycanın dostları ilə birgə fəaliyyət göstərəcəyik.

- Oktay müəllim, Bilik Fondunun fəaliyyəti ilə bağlı daha nələri söyləmək istərdiniz?

- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyəti artıq müəyyən məsuliyyətdən xəbər verir. Biz əminik ki, Bilik Fondunun layihələri ən qısa zamanda öz bəhrəsini verəcək. İndi ictimaiyyətin bizdən gözləntiləri çoxdur. Demək istəyirəm ki, Bilik Fondu hər kəsin üzünə açıqdır. Biz hər bir səmərəli ideyanı, yeni fikri dinləməyə hazırıq. Hər kəsi Bilik Fondu ətrafında gücünü səfərbər etməyə və Azərbaycanımızın inkişafına öz tövhəsini verməyə dəvət edirəm.