Berti Foqts: “Bu oyundan razı qala bilmərəm"

21 Avqust 2014 09:42 (UTC+04:00)

"Bakcell Arena"da futbol üzrə Azərbaycan və Özbəkistan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib. SİA-nın məlumatına görə, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Oyundan sonra keçirilmiş mətbuat konfransında hər iki baş məşqçinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Berti Foqts (Azərbaycan millisinin baş məqşçisi): "Bu oyundan razı qala bilmərəm. Futbolçularda yorğunluq hiss olunurdu. Çoxlu səhvlər gördüm. Qol vurmaq üçün vəziyyətlərimiz olsa da, fərqlənmək üçün heç nə edə bilmədik".

Bizim Rusiya yığması ilə də yoxlama görüşümüz var. Bu futbolçuları hələ mətbuatda tənqid etməyəcəyəm. Onların səhvlərini özlərinə izah etməyə çalışacağam.

Rusiya millisi ilə görüşdə "Qarabağ" və "Neftçi"nin futbolçuları da heyətdə yer alacaq".

Mircəlal Qasımov (Özbəkistan millisinin baş məşqçisi): "Hava çox isti idi. Ona görə də ilk hissənin sonunda komanda müdafiəyə çəkildi. Yarımmüdafiədə səhvlərə yol verdik. Topa nəzarət etmək çətin idi. Asiya oyunlarına tam hazır olduğumuzu artıq söyləyə bilərik.

Yenə düşünürəm ki, azərbaycanlılar texniki cəhətdən çox güclüdür. Bu yoldaşlıq oyununda, ola bilər ki, texnika nümayiş etdirmək mümkün olmasın.

Başqa ölkədə oynadığımızı hiss etmədik. Çünki azarkeşlərimiz bizi yaxşı dəstəklədi".