Avropa İttifaqının Enerji Tənzimləyici Birliyi Polşadan Litvayadək uzanan və ildə 2,3 milyard kubmetr qaz nəql edə bilən yeni boru xətti layihəsinin reallaşdırılacağını açıqlayıb. Xarici KİV-lər xəbər verir ki, Baltik ölkələri Rusiyadan qaz asılılığını bu yolla azaltmaq niyyətindədir. Dəyəri təxminən 85 milyon avro olan layihənin 54 milyon avrosu Litva, 29 milyon avrosu Latviya, 1,5 milyon avrosu isə Estoniya tərəfindən maliyyələşdiriləcək.
Brüsseldəki Avropa Siyasət Mərkəzinin enerji mütəxəssisi Amanda Paul bunu Avropanın Rusiya qazına asılılığını azaltmaq istiqamətində önəmli addım kimi səciyyələndirib. Onun fikrincə, yeni layihə bütün üzv ölkələri bir-birinə bağlayan daxili enerji bazarının formalaşması və Aİ-nin enerji təhlükəsizliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir.
Birmingham Universitetinin Rusiya və Şərqi Avropa Tədqiqatları Mərkəzinin mütəxəssisi Richard Connolly isə 2018-ci ildə reallaşacağı gözlənilən bu layihə sayəsində Baltik ölkələrinin enerji təhlükəsizliyinin möhkəmlənəcəyini bildirib.