Milli Məclisin göndərişi ilə cəbhə və sərhədyanı bölgələrdə olan millət vəkili Xanhüseyn Kazımlı və Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani "Hərbi vətənpərvərlik ruhunun müasir vəziyyəti və onun yüksəldilməsi" mövzusunda mətbuat konfransı keçiriblər. SİA-nın məlumatına görə, əvvəlcə Xanhüseyn Kazımlı səfər barədə məlumat verib.
Bildirib ki, bu gün Azərbaycan ordusunda vətənpərvərlik ruhu daha da yüksəlib: "Cəbhə bölgəsində əsgərlərimizin əhval-ruhiyyəsi ən yüksək səviyyədədir. Bu görüşlərdə bir daha əmin olduq ki, Azərbaycan əsgəri öz torpaqlarını qorumaq naminə hər zaman döyüşə hazırdır".
Millət vəkili bildirib ki, cəbhə xəttinə belə səfərlər əsgər və zabitlərimizə müsbət təsir göstərir və ziyalıların cəbhə bölgələrinə səfərləri tez-tez təşkil olunmalıdır.
X. Kazımlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlarımızda təbii sərvətlərimizin talan edilməsi, abidələrimizin dağıdılması məsələsinə də toxunaraq deyib ki, münaqişə nəticəsində Azərbaycan iqtisadiyyatına ciddi ziyan dəyib.
Daha sonra Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbanı cəbhə xəttindəki vəziyyətdən, vətəni qoruyan zabit və əsgərlərimizin döyüş ruhundan danışıb.
Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.