"Təxminən bir həftədir ki, Azərbaycan-Ermənistan sərhəddində və işğal edilmiş bölgələrdə Ermənistan mütəmadi olaraq atəşkəsi pozur. Bu təxribatların qarşısını Azərbaycan ordusu alsa da, hər iki tərəfdən itkilər var. Münaqişənin həll edilməsi üçün fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun atəşkəsi pozan Ermənistana qarşı sərt bəyanatlar verməsi, siyasi, iqtisadi sanksiyalar tətbiq etməsi gərəkirkən, sadəcə narahat olduğunu bildirməklə yetinirlər. Minsk qrupunun fəaliyyətinin məntiqinə tərs olaraq bu günkü status-kvo onları qane edir. Etməsəydi son 20 ildə münaqişənin həlli istiqamətində ciddi addımlar atardılar". Bu fikirləri SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.
H.Cabbarlı deyib ki, həmsədr dövlətlər dünyanın ən ucqar yerində onların mənafelərinin zədələndiyi zaman silahlı müdaxilə etsələr də, nədənsə torpaqları işğal edilən Azərbaycanın hərbi əməliyyatlara başlamasına qarşı çıxırlar: "hesab edirəm ki, bu birbaşa Ermənistanı dəstəkləməkdir, ikili standartdır, beynəlxalq hüququn prinsip və normalarının kobudcasına pozmaqdır. Minsk qrupu həmsədrləri 20 ildən çoxdur işğala məruz qalan və işğal edənin kim olduğu haqqında bir dəfə də qəti fikir bildirməyib. Bu məsələyə aydınlıq gətirmədən vasitəçi rolunu oynayan həmsədr dövlətlərdən müsbət nə gözləmək olar?Əslində bu münaqişənin həllinin uzanması həmsədr dövlətlərin siyasi və iqtisadi maraqlarına uyğundur. Bununla həmsədr dövlətlər bölgədə qalmağa çalışır və münaqişəyə tərəf dövlətlərə təzyiq göstərə bilir".