Bu gecə cəbhə xəttində ermənilərin basqını nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları helikopterlə Bakıya - Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yaralı hərbçilər bu gün iki helikopterlə Bakıya gətiriliblər.
"Onların müayinəsi və müalicəsi ilə hospitalın ixtisaslı həkimləri məşğul olacaqlar. Yaralıların vəziyyəti barədə ictimaiyyətə məlumat veriləcək" - deyə, Nazirlikdən bildirilib.
Mətbuat xidmətindən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun hazırda cəbhədəki vəziyyəti diqqətdə saxladığı və müvafiq tapşırıqlar verdiyi bildirilib.
Qeyd edək ki, avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstərib. Düşmən təxribatı zamanı onun hücumunun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itki verib. Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu həlak olub. Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.