Vladimir Jirinovski Azərbaycan həqiqətlərini etiraf etdi ANALİZ

25 İyul 2014 15:33 (UTC+04:00)

Bu gün Azərbaycanın sürətli inkişafı ölkəmizi nəinki regionda, eləcə də dünya dövlətləri sırasında birincilər sırasına yüksəldib. Bunu bir çox xarici dövlətlərin tanınmış ictimai-siyasi xadimləri, siyasiləri yüksək qiymətləndirir. Bu günə qədər aparılan beynəlxalaq sorğularda da ölkəmizin reytinqi yüksəkdədir.

Bu arada daha bir dəyərləndirilmə Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskidən gəlib. Belə ki, Jirinovski "Rossiya 24" telekanalının canlı yayımında çıxış edərkən Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib və ölkəmizin davamlı inkişaf və tərəqqi yolunda olduğunu etiraf edib. Daha dəqiq desək, aparıcının Ukrayna mövzusunda verdiyi suala cavab olaraq, Jirinovski bu ölkənin vəziyyətini digər MDB ölkələri ilə müqayisə edərkən, məhz Azərbaycanın üzərində dayanıb: "Elə Azərbaycanı götürək. Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, həmçinin idman kompleksləri tikilir. Bütün ölkə inkişaf edib".

İlham Əliyev faktoru – Azərbaycan xalqının doğru seçimi

Rus politoloq ölkənin bu cür sürətli və davamlı inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə - İlham Əliyevi Prezident seçməklə izah edib. Hansı ki, Vladimir Jirinovski zaman-zaman öz millətçi çıxışları ilə daim diqqət mərkəzində olub. Lakin həqiqət, reallıq bir çox hallarda bu amilin üzərindən çarpaz xətlər çəkir. Bu səbəbdən, RLDP lideri millətilik baxışlarını arxa plana çəkərək, məhz sözügedən reallığı etiraf etməyə məcbur olub. Nəniki Azərbaycan paytaxtının, həmçnin regionların inkişafını ön görən Jirinovski bölgələrimizdə aparılan tikinti-quruculuq işləri, bütün sahələri əhatə edən kompleksləri, mərkəzləri, o cümlədən, idman qurğuları haqqında bəhs edərək, digər post-sovet ölkələrinin bundan ibrət götürməli olduqlarını deyib.

Əlbəttə ki, belə etirafların edilməsi arxasında dövlət idarəçiliyi sükanının möhkəm və etibarlı əllərdə olması amili dayanıb. Prezident İlham Əliyev cənablarının qurduğu davamlı qlobal inkişaf proqramları artıq xarici ölkəələrdə də öyrənilməkdə, tədbiq edilməkdədir.

Başqa tərəfdən, digər maraqdoğurucu məqamlardan biri də Vladimir Volfoviçin Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər, Dahi Şəxsiyyət Heydər Əliyev haqqında da qürurverici fikirlər səsləndirməsidir. RLDP lideri Heydər Əliyev dühasını yaxından tanıdığını, Onun fenomenal insan olduğunu vurğulayıb: "Heydər Əliyev dahi Azərbaycanlıdır".

Əlbəttə ki, belə bir fərəhverici və səmimi ifadələr bir azərbaycanlı, Azərbaycan vətəndaşı kimi bizlərin hər birinin ürəyində qürur doğurur. Çünki digərlərindən fərqli olaraq, Jirinovskinin bütün bunları etiraf etməsi hər bir həqiqəti göz önündə sərgiləməkdədir.

Rusiya Azərbaycanla hərtərəfli əməkdaşlıq etməyə maraqlıdır və buna hər zaman can atır

Söz yox ki, burada Rusiya-Azərbaycan münasibətləri və bu iki dövlətlər arasındakı münasibətlər çərçivəsində iqtisadiyyat, siyasət konsepsiyasının inkişafı, marağı da dayanıb. Məsələ ondadır ki, zaman-zaman müəyyən məsələlərdə anaşılmazlıqlar yaşansa da, Rusiya-Azərbaycan münasibətləri hər zaman yüksək əməkdaşlıq prizmasında inkişaf edib. Bu gün Azərbaycan həm də müsəlman ölkəsi olduğu üçün, qonşu dövlətlər olan İran və Türkiyə ilə münasibətlərini daim inkişaf etdirir. Təbii ki, Rusiya da Azərbaycanla sərhədlərə malikdir və bu dövlət İran və Türkiyə ilə münasibətlərini tənzimləmək, inkişaf etdirmək üçün Azərbaycan amilinə hər zaman yüksək dəyər verir. Yəni Azərbaycan həm də burada vasitəçilik rolunu da oynamaqdadır. Baxmayaraq ki, Qarabağ probleminin çözülməsində Rusiyanın həlledici rolu mövcuddur. Ona görə də belə qənaətə gəlmək mümkündür ki, Azərbaycanın yürüdtüyü balanslı xarici siyasət kursu nəticədə Rusiya sonda haqlı tərəfin məhz Azərbaycan olduğunu qəbul etməli olacaq. Məhz bu kimi məsələlərin təhlilini apararkən nəticəyə gəlmək mümkündür ki, hətta ən qatı millətçi kimi tanınan Vladimir Jirinovski sonda Azərbaycanın bölgədəki xüsusi rolu və yerinə çox mühüm qiymət verib. Çünki Rusiya Azərbaycanla hərtərəfli əməkdaşlıq etməyə maraqlıdır və buna hər zaman can atır.

Habelə, bu gün Azərbaycan dünyada ən tolerant ölkə kimi tanınır. Hansı ki, Ukraynada və digər post-sovet ölkələrində millətlərarası tolerantlıq heç də ürəkaçan görünmür. Həmin ölkələrdən fərqli olaraq, Azərbaycanda rusdilli əhali, rus azlığı heç vaxt ayrıseçkiliyə məruz qalmayıb. Bu gün ölkəmizdə rusdilli tədris müəssisələri fəaliyyət göstərir, ali məktəblərdə rus dili kafedraları, fakültələri rus icmasının üzünə açıqdır. Əlbəttə ki, sözügedən faktor da hər mənada Jirinovskinin nəzərindən qaçmayıb.

Azərbaycan – regionda və beynəlxalq aləmdə lider dövlət

Rusiyalı politoloqun növbəti etirafı isə Azərbaycanın Rusiyadan heç nə ummaması ilə bağlı irəli sürdüyü fikirləridir. "Azərbaycan yeganə ölkədir ki, bizdən nəsə qoparmaq istəmir"-deyə vurğulayan Vladimir Jirinovski bununla dhaa bir məsələyə dolayısı ilə eyham vurub. Bu gün ərazilərimizin 20 faizini zəbt edən işğalçı Ermənistan Rusiyanın forpostuna çevrilib və bu ölkənin vassalı kimi güclə ayaqda qalmaqdadır. Ermənistan demək olar ki, əksər beynəlxalq layihələrdən kənarda qalıb. Daha öncələr isə qoşulduğu layihələrdən xaric edilib. Ona görə də Ermənistan hər zaman Rusiyadan nə isə ummaqdadır.

Digər MDB ölkələri də var ki, onlar siyasi kurslarını Rusiyanın diqtəsi altında müəyyənləşdirirlər. Ancaq Azərbaycan dövləti öz müstəqil, balanslı siyasətini yürütməklə heç bir dövlətdən heç nə ummur. Əksinə, təkcə Rusiya deyil, həm də bir çox xarici ölkələr də Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə can atırlar.

RLDP lideri Vldimir Jirinovski məhz bu cür məsələləri önə çəkərək, şıxış etdiyi "Rossiya 24" kanalında bu etirafları edib.

Bütün bunlar isə belə deməyə zəmin yaradır ki, Azərbaycan sözün əsl mənasında regionda və beynəlxalq aləmdə lider dövlətlər sırasında yer tutmaqdadır. Edilən etiraflar, irəli sürülən bu kimi fikir və münasibətlər də məhz belə qənaətə gəlməyə kifayət qədər əsas yaradır.

Rövşən Nurəddinoğlu