VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir

25 İyul 2014 10:34 (UTC+04:00)

Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi böyük əks-səda doğuran VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. SİA-nın verdiyi xəbərə görə, növbəti konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Musiqi axşamında tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə çıxış ediblər. Konsertdə müxtəlif nüfuzlu beynəlxalq festivalların iştirakçıları, mötəbər yarışmaların qalibləri gənc istedadlı pianoçu Aslan Aslanovun, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü Kənan Mayılovun, violonçel ifaçısı Murad İbrahimovun səsləndirdikləri əsərlər də tamaşaçıların zövqünü oxşayıb.Musiqi axşamında Frederik Şopenin, Sergey Raxmaninovun, Pyotr Çaykovskinin, Dmitri Şostakoviçin, Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Tofiq Quliyevin əsərləri səsləndirilib. Musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.