Azərbaycan 6 pillə irəlidədir

24 İyul 2014 12:14 (UTC+04:00)

BMT-nin ekspertləri tərəfindən hazırlanan "İnsan inkişafı hesabatı-2014"-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutub. SİA bu barədə BMT İnkişaf Proqramının saytına istinadən xəbər verir.

Məlumata görə, dünya ölkələrində insan yaşayışı səviyyəsinin qiymətləndirilməsi baxımından aparıcı beynəlxalq meyar hesab edilən bu sənəd hazırlanarkən insanların orta ömür uzunluğu, savadlılıq dərəcəsi, səhiyyə, təhsil almaq imkanı, adambaşına düşən ÜDM və digər amillər nəzərə alınır.

Hesabatda ümumilikdə 187 dövlət arasında ilk beş yeri Norveç, Avstraliya, İsvecrə, Niderland, ABŞ tutub. Bu sıralama 2013-cü ildəki vəziyyəti nəzərə alınmaqla müəyyənləşdirilib.

BMT-nin hesabatında Azərbaycan 76-cı yerdə qərarlaşıb. Sənədə görə, ölkəmizdə orta ömür uzunluğu 70,8 il təşkil edir.

Hesabatda Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun 15,725 dollar təşkil etdiyi bildirilir.

Qeyd edək ki, BMT-nin "İnsan inkişafı indeksi hesabatı-2013"-də Azərbaycan insan inkişafı indeksinə görə 82-ci yerdə qərarlaşmışdı