Səbail rayonunun Badamdar qəsəbəsində iftar süfrəsi təşkil olunub

24 İyul 2014 11:07 (UTC+04:00)

Ramazan ayında Səbail rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunur. Mübarək ayın əvvəlindən Bibiheybət qəsəbəsində, 20-ci yaşayış sahəsində, İçəri şəhərdəki "Cümə məscidi"ndə bir neçə iftar süfrələri keçirilib. SİA-nın xəbərinə görə, növbəti belə tədbir rayonun Badamdar qəsəbəsində rayon ictimaiyyətin, bələdiyyələrin, Badamdar, Bibiheybət qəsəbələri, Bayıl-20-ci yaşayış sahəsində yaşayan şəhid ailələri, müharibə veteranları, əlillər, rayonda məskunlaşan məsburi köçkünlərin nümayəndələrinin- ümumilikdə 600 nəfərin iştirakı ilə keçirilib.

İftar mərasimi İçəri şəhər "Cümə" məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Hacı Surxay müqəddəs kitab olan "Qurani- Kərim"in bizə nazil olduğu bu ayın fəzilətindən danışıb, iftar süfrəsinin açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlığını bildirib.

O çıxışı zamanı qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Səbail rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir.

O, gözəl ənənəyə çevrilən iftar süfrələrinin təşkilinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi qiymətləndirdi və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə sakinləri təbrik edib.

Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev çıxış edərək ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Prezident İlham Əliyevin də uğurla davam etdirdiyini vurğulayıb, iftar süfrələrinin təşkili və bu kimi digər xeyirxaq işlərin görülməsinə görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri İlham Əliyev respublikada və Səbail rayonunda gedən sürətli sosial-iqtisadi inkişafı, ölkə rəhbərliyi tərəfindən vətəndaşların sosial problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirib: "Səbail rayonunda əvvəlki illərin ənənəsinə uyğun olaraq bu il də Qarabağ müharibəsi veteranlarının nümayəndəsi də daxil olmaqla 4 nəfər rayon sakini rayon İcra Hakimiyyətinin dəstəyi ilə müqəddəs həcc ziyarətinə göndəriləcək".

Tədbirdə qeyd olunub ki, iftar süfrələri Ramazan ayının sonuna kimi rayonun müxtəlif yerlərində o, cümlədən İçəri şəhər "Cümə" və Bibiheybət məscidlərində də keçiriləcək.