Bəlli olduğu kimi, Müsavat Partiyasının Nizamnaməsinə görə, hazırkı başqan İsa Qəmbər bu postda qalmaq limitini tükəndirib. Ancaq ortada digər bir maraqlı məqam da mövcuddur. Belə ki, partiyanın bir neçə funksioneri İsa Qəmbərin başqanlıqda qalması üçün Nizamnamədə dəyişikliyin olmasını tələb edirlər. Daha dəqiq desək, həmin tərəflər İsa Qəmbərin üçüncü dəfə eyni postu tutması üçün irəli sürdükləri təkliflərlə partiyadaxili mühitdə soyuqluq yaradıb. Hətta belə deyilir ki, sözügedən qrup bununla bağlı Müsavat başqanından müəyyən razılıq da alıblar.
İsa Qəmbər çıxılmaz dilemma qarşısında
Ancaq digər qrup da var ki, onlar İsa Qəmbərdən Nizamnamənin qaydalarını pozmamağı tələb edirlər. Beləliklə, Müsavat başqanı belə demək mümkündürsə, həll edilməz dilemma qarşısında qalıb. O, ya Nizamnamədə dəyişiklik edib qarşıdan gələn qurultayda üçüncü dəfə başqan seçilməli, bununla da partiya daxilində ciddi narazılıq yaratmalı, ya da postundan getməsi ilə partiyanın parçalanma təhlükəsinə səbəb olmalıdır. Çünki az-çox partiyanı ayaqda saxlamağı bacarmış İsa Qəmbərdən sonra gələcək yeni başqan çətin ki, müəyyən proseslərin öhdəsindən tezliklə gələ bilsin. Başqa tərəfdən isə bu gün Müsavatda elələri də var ki, onlar həqiqətən də partiyanı İsa Qəmbərsiz təsəvvür edə bilmirlər. Məhz bu kimi dilemmalar başqanı həqiqətən də çox çətin situasiya ilə üz-üzə qoyub. Çünki hər iki halda Müsavat Partiyasının qapısını çöldən bağlayanlar olacaq. Bunun qarşısını almaq üçün isə hələ də ciddi plan cızılmayıb.
Arif Hacılı partiyanın maliyyə maqnatına qalib gələ biləcəkmi?
Lakin bütün baş verənlərə rəğmən, partiya daxilində xələfilik uğrunda mübarizə səngimir. Bildiyimiz kimi, rəhbərlik postuna iki isim daha iddialıdır – partiyanın Mərkəzi İcra Aparatının sədri Arif Hacılı və Divan üzvü, başqanın iqtisadi məsələlər üzrə müavini, o cümlədən partiyada maliyyə maqnatı kimi tanınan Qubad İbadoğlu. Artıq indidən belə mülahizələr irəli sürülür ki, Arif Hacılı partiyanın maliyyə maqnatı kimi tanınan Qubad İbadoğlu qarşısında qalib ola bilməyəcək.
Bu arada Müsavat Partiyasının digər Divan üzvü Vurğun Əyyub da açıq-aşkar bəyan edib ki, o, başqanlığa namizəd kimi, məhz Qubad İbadoğlunu dəstəkləyəcək. Vurğun Əyyub eyni zamanda partiyanın qurultayının 2015-ci il parlament seçkilərindən sonra keçirilməsini tələb edən müsavatçılara da etiraz edib. O bildirib ki, hər kəsin öz mövqeyi var, lakin Nizamnaməyə görə, qurultay zamanında keçirilməlidir.
İbadoğlunu ona qrantlar ayıran Qərb təşkilatları da dəstəkləyir
Onu da qeyd edək ki, Qubad İbadoğlunun namizədliyini qeyd-şərtsiz dəstəkləyən Vurğun Əyyub eyni zamanda Müsavatın Divan üzvü olması ilə yanaşı, həmçinin partiyanın iqtisadi proqramının müəllifidir. Vurğun Əyyub İqtisadi Araşdırmalar Mərkəzi adlı qeyri-hökumət təşkilatının da üzvüdür və həmin qurum dəfələrə Azərbaycan əleyhinə işləyən xarici təşkilatların, yəni öz iqtisadi maraqlarının təminatı üçün hakimiyyətə qarşı qərəzli mövqedən çıxış edən təşkilatların qrantları ilə təmin olunub.
Belə ki, son 10 ildə – 2004-2014-cü illər ərzində Qubad İbadoğlu və onun ətrafında olanlar Qərb fondlarından 14 milyon dollar həcmində qrant alıblar.
Bu amil isə həm də belə qənaətə gəlməyə əsas yaradır ki, Qubad İbadoğlunun başqan seçilməsi üçün əlində müəyyən maliyyə vəsaitləri də mövcuddur və Qərb təşkilatları bu vəsaitləri ona ötürməkdə davam edir. Beləliklə, ehtimal etmək mümkündür ki, əgər İsa Qəmbər Müsavatın başqanlığından getsə, onun yerini tuta biləcək adam, məhz Qubad İbadoğlu ola bilər. Çünki Arif Hacılı maliyyə baxımından ondan çox geridədir.
Bütün hallarda Müsavat Partiyasında parçalanmaların baş verəcəyini proqnozlaşdırmaq olar. Nələrin baş verəcəyini isə sentyabrda görəcəyik...
Rövşən Nurəddinoğlu