Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Kosmik Agentliyi yaratmasını bəyan edib. SİA-nın xəbərinə görə, ölkənin ilk layihəsi Marsa 2021-ci ildə - ərəb dövlətinin Fars körfəzində yaradılmasının 50 illiyində çatacaq kosmik aparatın buraxılmasıdır.
"Əmirliklər planetlərarası məkanın tədqiqi dövrünə qədəm qoyur", - BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktum deyib.
"Mars planetinə çatmaq böyük çağırışdır, biz buna doğru hərəkət edirik, çünki bu vəzifə bizi ruhlandırır", - Dubay əmiri qeyd edib. O, həmçinin əlavə edib ki, BƏƏ kosmosun tədqiqinə 20 milyard dirhəm (5,44 milyard dollar) yatıracaq.
Milli Kosmik Agentliyi bir neçə təşkilatı, o cümlədən peyklərin buraxılmasında ixtisaslaşan "DubaiSat" şirkətini birləşdirəcək. BƏƏ rəsmiləri ümid edirlər ki, kosmik aparat Marsa olan 60 milyon kilometrlik məsafəni 9 aya qət edə biləcək.