Silahlı Qüvvələrdə sənədli hərbi vətənpərvərlik filmləri həftəsinə start verilib

17 İyul 2014 22:14 (UTC+04:00)

Lənkəran Qarnizonu Zabitlər Evində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında respublika gənclər mükafatı və beynəlxalq kino festivallarının laureatı Tahir Əliyevin rejissorluğu ilə çəkilmiş sənədli hərbi vətənpərvərlik filmləri həftəsinin açılışı olub.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani Silahlı Qüvvələrdə şəxsi heyətin milli mənəvi dəyərlər əsasında, hərbi vətənpərvərlik ruhunda, ata-babaların qəhrəmanlıq ənənələri zəminində tərbiyə olunması, onlarda yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərin aşılanması, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məsələlərinin daim diqqət mərkəzində olduğunu bildirib. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin "Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz" sözlərini iştirakçıların diqqətinə çatdırıb. A.Qurbani Böyük Vətən müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 70 illik yubileyi ilə əlaqədar Silahlı Qüvvələrdə keçiriləcək tədbirlər planına əsasən təşkil edilən sənədli filmlər həftəsinin şəxsi heyətin həyatında əhəmiyyətli və yaddaqalan hadisə olacağını vurğulayıb.

A.Qurbani filmlərin rejissoru Tahir Əliyevi tədbir iştirakçılarına təqdim edib. Bildirilib ki, ali təhsilini Azərbaycanda və Türkiyə alan T.Əliyev hazırda Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında kinorejissor kimi fəaliyyət göstərir. İstedadlı və təcrübəli rejissor 2005-ci ildə respublika gənclər mükafatına layiq görülüb, ilin ən yaxşı sənədli film rejissoru elan edilib.

Qeyd edilib ki, Moskva, Sevastopol, Lipetsk, Yekaterinburq, Ərzurum, Sankt-Peterburq, Volakalmsk, Kursk, Novo-Qoritsa və dünyanın bir çox şəhərlərində keçirilən beynəlxalq kino festivallarının xüsusi diplom və mükafatlarını almış T.Əliyevin yaradıcılığının ana xəttini hərbi vətənpərvərlik mövzusu, xüsusilə də faşizm üzərində Qələbədə Azərbaycan xalqının müstəsna xidmətlərinin tərənnümü təşkil edir. Məhz sənədli filmlər həftəsində hərbi hissələrin şəxsi heyətləri, eləcə də lənkəranlılar "Təxəllüsü "Mixaylo", "Unudulmuş partizan", "Səhra gülü", "9-cu korpus", "Qafqaz qartalının uçuşu", "Medo Hollandiyadadır", "Xəzərdən Dunaya" ekran əsərlərinə baxmaq imkanı qazanacaqlar.

"Azərbaycan Müharibə Veteranları" İctimai Birliyinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Qarabağ müharibəsi veteranı Əlisəfa Ağayev ulu öndər Heydər Əliyevin "Atalarımızın, babalarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır" sözlərini diqqətə çatdıraraq son vaxtlar Silahlı Qüvvələrimizdə belə tədbirlərin vaxtaşırı təşkilini yüksək qiymətləndirib. O, bildirib ki, belə tədbirlər şəxsi heyətin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazırlığında, həmçinin əhalinin ata-babalarımızın qəhrəmanlıq ənənələrinə sədaqət ruhunda maariflənməsində xüsusi əhəmiyyət kəsb edir.

Böyük Vətən müharibəsi veteranı, "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuş Ağadadaş Səmədov, Daxili Qoşunların zabiti, polkovnik-leytenant İlqar Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsinin zabiti, mayor Elnur Məmmədov, hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, mayor Hümmət Bəndiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ağamir Cavad, yazıçı-publisist Hafiz Mirzə, Əfqanıstan müharibəsinin veteranı iki dəfə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş Əflatun İsmayılov və başqaları sənədli filmlər həftəsinin gənclərimizin döyüş ruhunun daha da yüksəlməsində, Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanmalarında, düşmən təcavüzünün qarşısını qətiyyətlə almalarında böyük rol oynayacağına əminliklərini vurğulayıblar.

Lənkəran Qarnizonu Zabitlər Evinin rəisi, polkovnik-leytenant Etibar Əliyev sənədli filmlər həftəsinin yüksək səviyyədə təşkil edilməsi üçün hər cür şərait yaradıldığını bildirib.

Sonra sənədli filmlər həftəsinin açılışına həsr olunmuş ədəbi-kompozisiya nümayiş etdirilib.

Kinorejissor T.Əliyev hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Abdulla Qurbaninin ssenarisi əsasında "İki xalqın övladları" sənədli filmi üzərində işlədiyini bildirib. Diqqətə çatdırılıb ki, film adını Belarusun alman-faşist işğalçılarından azad edilməsi tarixinə əbədi yazmış azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev və respublikamızın ərazi bütövlüyünün, əhalinin təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərmiş, əslən Belarusdan olan Azərbaycanın Milli Qəhrəmanı, mayor Anatoli Davidoviç haqqındadır.

Sonra tədbir iştirakçıları "Təxəllüsü "Mixaylo" və "Səhra gülü" filmlərinə baxıblar.

Sənədli hərbi vətənpərvərlik filmləri həftəsi iyulun 23-dək davam edəcək.