"Sənaye ili" çərçivəsində KİV nümayəndələri üçün məlumat turu təşkil edilib FOTOLAR

17 İyul 2014 16:49 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidentinin 12 mart 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq, ölkəmizin sənaye potensialı və yeni yaradılan müəssisələrlə tanışlıq məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi KİV nümayəndələrinin sənaye müəssisələrinə səfərlərini təşkil edir.

SİA-nın məlumatına görə, növbəti belə məlumat turu iyulun 17-də Bakının Xəzər və Suraxanı rayonlarının ərazisində yerləşən müəssisələrə təşkil edilmişdir.

Media nümayəndələri əvvəlcə "Titan Grup" Sənaye Şirkətlər Birliyində olublar. Burada onlara məlumat verilib ki, şirkət 1990-cı ildən ticarət və sənaye soyuducu avadanlıqlarının istehsalçısı kimi fəaliyyətə başlayıb. 1996-cı ildən "Titan Grup" Sənaye Şirkətlər Birliyi restoran və ictimai-iaşə müəssisələri üçün mətbəx avadanlığı, sənaye tipli isidici və soyuducu avadanlıqların, 2000-ci ildən isə iri həcmli soyuducu və dondurucu kameraların layihələndirilməsi, istehsalı və bütün mühəndis hesablamalarını həyata keçirir. Bu il "Titan Grup"un ümumi dəyəri 20 mln. manat olan Binə qəsəbəsində qida sənayesi avadanlıqları istehsal edəcək yeni zavodu fəaliyyətə başlayacaq. Layihəyə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 mln. manat həcmində güzəştli kredit ayrılıb. Artıq zavodda tikinti-quraşdırma işləri başa çatdırılıb. Layihəyə əsasən, zavod istixana konstruksiyaları və qida sənayesi avadanlıqları istehsalı bölmələrindən ibarət olacaq. Hazırda İtaliya istehsalı olan ən müasir avadanlıqların quraşdırıldığı zavodda qida sənayesi avadanlıqları - istilik, qənnadı, camaşırxana avadanlıqları, paylama xətləri, mətbəx ləvazimatları, dolablar və s. istehsal olunacaq.

Məlumat turu çərçivəsində KİV nümayəndələri "ATEF Şirkətlər Qrupu" MMC-də də olub=lar. KİV nümayəndələrinə məlumat verilmişdir ki, müəssisə 1961-ci ildə yaradılan "Bakı Transformator Zavodu" ASC-nin bazasında qurulub O dövrdə "Bakı Transformator Zavodu" ASC keçmiş SSRİ ərazisindəki quru transformatorları istehsalı üzrə ixtisaslaşmış yeganə müəssisə idi. Hazırda müəssisəyə elektrik avadanlıqları istehsalı ilə məşğul olan üç zavod ("ATEF Elektromaş", "ATEF Transformator" və "İri Qabaritli Transformator") və metollokonstruksiya zavodu daxildir. "ATEF Şirkətlər Qrupu" tərəfindən elektrik avadanlıqları, yağ transformatorları, komplekt transformator yarımstansiyaları, mayesiz transformatorlar, ən mürəkkəb metallokonstruksiyalar, modul tipli yarımstansiyalar, paylayıcı qurğular istehsal edilir. Müəssisə tərəfindən istehsal olunan avadanlıqlar Rusiya, Ukrayna, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Moldova, Gürcüstan, Bolqarıstan və Afrika ölkələrinə ixrac edilir. Müəssisə məhsulların istehsalında Almaniya, Türkiyə, İsveçrə və s. ölkələrin avadanlıqlarından istifadə edir. Hazırda müəssisədə 1200 nəfər işləyir.

Sənaye müəssisələrinə təşkil edilmiş növbəti məlumat turu KİV nümayəndələri tərəfindən maraqla qarşılanıb, media nümayəndələrinin müəssisələrin fəaliyyətinə dair sualları cavablandırılıb.

"Sənaye ili" çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən paytaxt Bakıda və ölkə regionlarında fəaliyyət göstərən digər sənaye müəssisələrinə də məlumat turlarının təşkili nəzərdə tutulur.