Sosial yardım almaq hüquqları olmayan 647 ailəyə ödəniş dayandırılıb

17 İyul 2014 12:02 (UTC+04:00)

"Vətəndaşlardan daxil olan məlumatların araşdırılması zamanı 12 rayonda - Ağdam, Goranboy, İmişli, Saatlı, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Sumqayıt, Oğuz, Xəzər, Daşkəsən rayonlarında aztəminatlı və sosial yardım almaq hüquqları olmayan ümumilikdə 647 ailəyə yardım təyin edildiyi, bu işlər üzrə 710 310,0 manat vəsait xərcləndiyi aydın olub". SİA-nın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, həmin ailələrə ünvanlı sosial yardımın ödənişi dayandırılaraq, qanunsuz ödənilmiş vəsaitin 344 571,0 manatı və ya 48,5%-i büdcəyə bərpa edilib: "5 rayonun - Ağdam, Goranboy, İmişli, Daşkəsən, Saatlının ƏƏSMN-in müvafiq vəzifəli şəxsləri ilkin olaraq tutduqları vəzifədən azad olunmaqla, həmin mərkəzlər üzrə müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilib.

Bununla yanaşı, araşdırmalar zamanı 19 vətəndaşın müraciətinin böhtan xarakterli olduğu müəyyən edilib. Bu səbəbdən ƏƏSMN-in müvafiq əməkdaşları tərəfindən onlara qarşı şərəf və ləyaqətin qorunması iddiası ilə məhkəməyə müraciət olunub".