Yeniyetmə güləşçilərimiz dünya çempionatında uğurla çıxış edirlər

16 İyul 2014 22:56 (UTC+04:00)

Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Çempionatın ikinci günündə 42, 46, 69, 76 və 85 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparır.

Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, 46 kiloqramda mübarizə aparan Seymur Hüseynov ilk görüşündə Rusiya təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq imkanı verib. Qazaxıstan güləşçisini məğlub edən S.Hüseynov həlledici qarşılaşmaya çıxacaq. Bürünc medal uğrunda onun rəqibi Türkiyə güləşçisi olacaq.

Yarışda 69 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. İsveçrə, Çexiya və İsveç güləşçilərini məğlub edən İ.Dadov yarımfinalda Xorvatiya güləşçisinə minimal hesabla məğlub olub. Güləşçimiz bürünc medal uğrunda Qazaxıstan təmsilçisi ilə həlledici görüşə çıxacaq.

Çempionatda 76 kq çəki dərəcəsində güləşçimiz Nicat Abdullayev Avstriya, Bolqarıstan və Belarus güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda onun rəqibi İran güləşçisi olacaq.

Turnirdə 85 kq çəki dərəcəsində mübarizə aparan Soslan Fanziyev finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib. ABŞ, Finlandiya və Belarus güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimizin finalda rəqibi Ukrayna idmançısı olacaq.

Final görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.