Ulu Öndərin hakimiyyətə gəlişinin 45-ci ildönümü Şirvanda da qeyd edildi

16 İyul 2014 13:10 (UTC+04:00)

Ulu Ödər Heydər Əliyevin hakimiyyətə gəlişinin 45-ci ildönümü Şirvan şəhərində yüksək şəkildə qeyd olunub. SİA-nın xəbərinə görə, konfransı giriş sözü ilə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov açıb. O, Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan xalqına göstərdiyi xidmətlərdən danışıb. Bildirib ki, Ulu öndər hakimiyyətinin hər dönəmində gənclərə böyük qayğı göstərib, onların təhsilinə diqqət ayırıb. Ümummilli Lider hakimiyyəti dövründə yüzlərlə gəncin ali təhsil alması və yüksək potensiallı kadr kimi yetişməsi üçün SSRİ-nin müxtəlif ali təhsil müəssisələrində təhsil alması üçün göndərib.

"Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda Gənclər üçün Təhsil Mərkəzinin Aran regional ofisinin rəhbəri, T.C Anadolu Universitetinin tələbəsi Yusif Poladov çıxış edərkən bildirib ki, xalqımızın böyük oğlu ulu Öndər Heydər Əliyevin çox şaxəli fəaliyyətindən danışarkən onun Azərbaycan gəncliyinə göstərdiyi əvəzolunmaz atalıq qayğısını xüsusi qeyd etmək lazımdır. Ulu Öndərimiz Azərbaycan gəncliyinə xüsusi diqqət ayırır, onların yüksək təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə çalışıb. Xalqımızın dahi oğlu Heydər Əliyev öz həyatı və yorulmaz fəaliyyəti ilə xalq üçün, vətən üçün yaşamağın, çalışmağın, mübarizə aparmağın əvəzsiz nümunəsini göstərərək nəsillərə nümunə ola biləcək bir insan ömrü yaşayıb. Onun rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin əhalisi xüsusən də gənclər özünü təhlükəsiz, sosial cəhətdən müdafiə olunmuş hiss edib.

Konfrans natiqlərin çıxışları ilə davam edib. Konfransın sonunda Ulu Öndər Heydər Əliyevə həsr olunan sənədli film izlənilib.