Gənclik və sonrakı peşmançılıq

15 İyul 2014 16:21 (UTC+04:00)

Bu günün gəncləri hər zaman cəmiyyətin böyük bir hissəsini təşkil etməklə yanaşı, ictimai həyatda daim fəal rol alıblar. Aqillər hər zaman qeyd ediblər ki, əgər bir ölkəni abadlaşdırmaq istəsələr, onun gənclərinin elm və mənəviyyatına diqqət etməlidirlər. Hələ çox öncələrdən ulularımız deyərdi ki, əgər öz xalqına düşəmən münasibəti göstərənlər ölkəni viran etmək istəsələr, onun cavanlarını əxlaqsızlığa və cahilliyə yönəltməyə cəhd göstərərlər. Necə ki, bunu radikal müxalifət düşərgəsinin "başbilənləri" edirlər. Çünki fəaliyyətdə olduqları bütün dövrlərdə dağıdıcılıq və qaragüruhçuluq timsalında "siyasiət" yürüdənlərin əsas məqsədləri məkrli siyasətlərinə cəlb etdikləri sadəlöhv gəncləri şəxsi mənafeləri yolunda zəhərləməkdən ibarət olub. Lakin bunlar anlamırlar ki, cəmiyyətdə mövqe və məqam əldə etməyin yolu iyrənc, özəl dividendlərə hesablanmış siyasət deyil, sivil və demokratik dəyərlərə hörmətdir.

ƏSL AZADLIQ DÖVLƏTİN GƏNCLİYƏ VERDİYİ ƏVƏZSİZ DƏYƏRDİR

Təəssüflər olsun ki, bu gün radikalizm meyarlarını üstün tutaraq, hakimiyyət hərisliyi ilə alışıb-yananların əksəriyyəti gənclik anlamını daha çox istədiyi kimi yaşamaq, məsuliyyətsiz həyat tərzi keçirmək, başqalarının siyasi təsirləri altına düşmək kimi qavrayırlar. Və təbii ki, gənclik heç də bu deyil. Bu, həm də onu deməyə əsas verir ki, AXCP, Müsavat kimi partiyaların kərimli və qəmbərləri, eləcə də, onların "kərimovçu"-"qəmbərovçu" yollarını azmış gəncləri sözügedən məqamı qavramamaqla birgə, başqalarına da öz "siyasətlərinin" düzgün olduğunu sübut etməyə səy göstərirlər. Buna misal kimi icazəsiz aksiyaları, həmin aksiyalarda təsir altına düşmüş bir qrup gəncin hansı oyunlardan çıxdığını göstərmək mümkündür. Və bu gün müəyyən sifarişlər altında "azadlıq" deyə bar-bar bağıran "zəhərlənmiş" gənclər bilməlidirlər ki, əsl azadlıq dövlətin gəncliyə verdiyi əvəzsiz dəyərdir.

VİCDAN ƏZABI

Bu əsnada qeyd edim ki, gənclik insan ömrünün elə təmiz, elə pak anlarıdır ki, kiçicik bir çirkab belə, onu bulaşdırmağa, alt-üst etməyə kifayət edər. Çünki bu dövr o qədər dəyərlidir ki, etdiyin hər bir səhv ömür boyu peşmançılıqla, vicdan əzabı ilə yaşamağına səbəb ola bilər. Bunu cəmiyyət kifayət qədər görüb. Elə zaman-zaman "cəbhəçi" gənclərin etirafı, vaxtilə Əli Kərimli tərəfindən təlimatlandırılmış tərəflərin - "NİDA"çıların dövlətə ünvanladığı məktubu onun hazırda nə qədər vicdan əzabı çəkməsini təsdiq edir. Yəqin elə buna görə də insan yaşa dolduqdan sonra öz gəncliyini arzulayır. Ancaq həmin dövrlərə qayıtmaq mümkün olmadığından, bu, hər bir şəxs üçün şirin xəyal olaraq qalır. Odur ki, hər bir gənc öz gəncliyindən elə istifadə etməlidir ki, sonda onu səadətə və xoşbəxtliyə çatdırsın. Sonradan ömrünün ən parlaq və çağlayan hissəsini boşa verdiyinə görə peşman olmasın. Peşman olmasın ki, zamanında dövlətə, dövlətçiliyə, xalqa və millətə daha çox xeyir verə bilərdi, amma bunun əvəzində, öz gəncliyini kimlərinsə kirli, murdar və məkrli siyasətlərinə qurban verdi. Peşman olmasın ki, təhsilini, elmini artırmaq yerinə, gənc yaşlarından həbslərə düşdü. Peşman olmasın, çünki sonrakı peşmançılıq fayda verməz.