Təxminən bir ay öncə "Çağ Öğretim İşletmeleri"nə aid məktəb və kursların bağlanması cəmiyyətdə birmənalı qarşılanmadı. Bir müddət öncə əl dəyişdirmiş bu müəssisələr qapanınca bir neçə min şagird və bir neçə yüz müəllimin öz təhsil və iş yerini itirdiyi deyilirdi. Bundan da ötəsi o idi ki, həmin məktəb və kursların daha yüksək təhsil verdiyi, onların məzunlarının Azərbaycana hər il yüzlərlə medal gətirdiyi əsas tutularaq məktəbləri bağlayanlar qınanırdı. Yəni, baxın, bu qədər böyük uğurları olan məktəbləri bağlamaqla millətə zərər vurursunuz.
Bir də ortada bu məktəblərin Fətullah Gülən camaatına aid olması ətrafında fikir mübadiləsi aparılırdı. Bəziləri iddia edirdi ki, məsələ elə deyil, guya bunlar tam sərbəst fəaliyyət göstərir. Başqa bir kəsim isə iddia edirdi ki, məktəblərin Gülənə aid olmasının heç bir zərəri yoxdur, əksinə, bu iş faydalıdır. Təbii ki, Azərbaycan kimi insanların öz fikirlərini sərbəst ifadə etməsinə əngəllərin olmadığı ölkədə hər kəsin bu azadlığına anlayışla yanaşır, fərqli fikirləri təmkinlə dinləyirik. Necə deyərlər, hər kəsin öz həqiqəti var. O cümlədən bu məktəbləri bağlayanların da, həmin məktəblərin bağlanmasına təpki göstərənlərin də. Bu arada onu da deyim ki, hələ uzaq 1995-ci ildə mən bu topluya aid olan "Qafqaz" Universitetinin tələbəsi adını qazanmışdım. Hətta orda 2 il oxudum da və sonra... buraxmalı oldum. Mübahisələrimiz yaranırdı, bəzi məsələlərdə prinsipial fikir ayrılıqlarımız vardı və mən də etirazımı uca səslə dilə gətirirdim. Misal üçün, tarix dərslərində Şah İsmayıl Xətai birmənalı olaraq mənfi təqdim edilir, Sultan Səlim isə göylərə qaldırılırdı. Mənsə deyirdim ki, yanlışıyla, doğrusuyla hər ikisi bizimdir və birini yüksəltmək üçün digərini aşağılamaq olmaz. Nə isə, uzun danışmadan deyim ki, oranı buraxmalı oldum o zaman. İllər sonra tarix müəllimimə rast gələndə mənə etiraf etmişdi ki, "biz səni KGB ajanı sanırdıq". Yəni bu cameə ilə yollarım beləcə kəsişmiş və ayrılmışdı. Bir də ona qədər onların təşkil etdiyi Quran kursuna getməyə başlamışdım, onu da yarıda buraxmalı oldum. Sadəcə komik bir olay üzündən...
İndi yenə də bu məktəblər və kurslar məsələsinə qayıdıram. Şəxsən mən onların bağlanmasının tərəfdarıyam. Yəqin ki, bu qədər qəti bir mövqe ifadə etməyim kimlərinsə, özəlliklə də o məktəblərdə, kurslarda övladı bilik öyrənməkdə olanların ürəyincə olan deyil. Haqsız da sayılmazlar. Sənin uşağın hər cür təchizatı, yüksək təhsil imkanları olan bir məktəbdə uğurla təhsil alsın, birdən kimsə qalxıb həmin məktəbi ümumiyyətlə ləğv etsin. Əlbəttə ki, belə bir durum hər kəsi rahatsız edərdi. Elə mənim özümü də. Amma... Amma indiki halda rahatsız olmağa dəyməz. Çünki ölkədə alternativlər yox deyil və hər kəs yəqin ki, uşağını artıq sentyabr ayı üçün uyğun bir məktəbə yerləşdirəcək. Və yəqin ki, bu məsələnin müzakirələri də bir müddət sonra səngiyəcək. Bununla belə bəzi açıq suallara indidən cavab verilməlidir ki, gələcəkdə kimlərsə məsələylə bağlı spekulyasiyalara imkan qazanmasın.
Şəxsən bu məktəblərin bağlanmasını, yuxarıda da qeyd etdiyim kimi, düzgün addım sayıram. Çünki, birincisi, bunlar xaricə bağlı məktəblərdir. Düzdür, şagirdlər Azərbaycanlıdır, müəllimlərin də böyük bir qismi Azərbaycanlıdır. Amma məktəblərin əl dəyişdirməzdən öncə bağlı olduğu mərkəz hətta Türkiyə də deyil, ABŞ-da, Pensilvaniyada yaşamaqda olan Fətullah Güləndir. Bu isə istər-istəməz cəmiyyətdə suallara səbəb olur. Hətta məsələnin bu tərəfini də bir kənara buraxsaq, yenə də deyə bilərik ki, Azərbaycan dövlətinə və ya vətəndaşına aid olmayan təhsil müəssisələrinin bu qədər əl-qol açması zərərlidir. Bu məktəblər eyni millət olduğumuz Türklərə aid olsa belə. Çünki istənilən halda onlar Azərbaycan dövlətinin standart və tələblərindən fərqli hərəkət edirlər və bu da dövlətin gələcəyi baxımından təhlükəsiz deyil. Demək istədiyim odur ki, belə məktəblər üzdə parlaq qızıl kimi görünsə də, əslində, bir dövlətin gələcəyinin altına qoyulmuş bombadır. Bunun belə olub-olmadığını isə elə indidən hiss edirik.
Bir də iddia edilir ki, həmin məktəblərdə ən yüksək standartlara uyğun təhsil verilir və guya ki, Azərbaycan məktəblərinin heç biri bu standartlara çata bilməzmiş. Bax, bunu heç cür qəbul edə bilmərəm. Birincisi ona görə ki, uşaqlar Azərbaycanlı balalarıdır və onlar əgər bu qədər yüksək səviyyə nümayiş etdirə bilirsə, onu elə özümüzün dövlət və ya özəl məktəblərimizdə də edə bilərlər. Digər tərəfdən də burada bir məqamı özəlliklə diqqətdən qaçırmaq olmaz: o uşaqların yüksək nəticə göstərməsi təbiidir. Çünki onları həmin məktəblərə seçib yığıblar. Və əlavə olaraq onu da nəzərdən qaçırmayaq ki, həmin məktəblərdə təhsil haqqı da vardı və özü də çox yüksək səviyyədə. Yəni iddia edildiyi kimi bu məktəblərdə xeyirxahlıq üçün təhsil verilmirdi. O məktəblər kiminsə biznes vahidləridir ki, oradan yaxşı da pul qazanırdılar. Məktəb açanların birinci məqsədi özləri üçün forpostlar, təbliğatçı ordusu yaratmaq idisə, ikinci məqsəd də əlavə gəlir mənbəyi əldə etmək idi. İndi sual edirəm, məgər Azərbaycanlı müəllimlərin ən yaxşılarını "Çağ Öğretim"in deyil, elə özümüzün hansısa məktəbinə toplayıb yüksək maaş versək, sizcə, onlar da yüksək təhsil verə bilməzmi? Özü də həmin məktəbdə təhsil pullu olsa? Verə bilər, həm də daha artığını və üstəlik də gələcəyimizdən daha arxayın ola bilərik. Burada belə bir mövqe sərgiləməkdə məqsədim heç də o deyil ki, kimlərinsə ideolojisini gözdən salım və ya əksinə. Əsas məqsədim odur ki, lap elə can qardaşımız Türkiyə Türkləri olsa belə, əcnəbilərin uşaqlarımızın təhsilinin önündə olmasının faydadan çox zərər verə biləcəyini diqqətə çatdırım. Ümumiyyətlə isə düşünürəm ki, bu məktəblərlə yanaşı başqa dövlətlərə bağlı məktəbləri də qapatmaq lazımdır. İngilisin, rusun, farsın, fransızın gəlib bizim ölkəmizdə təhsillə məşğul olması heç də bizi sevdiklərindən deyil və bunu anlamaq da çətin olmasın gərək. Bizə fransız, rus, fars, ingilis dilli şagirdlər lazımsa, bunu özümüz də edə bilərik.
Hə, sonda bir məqamı da paylaşım. Bugünlərdə mediada belə bir xəbərə rast gəldim ki, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun "İxtisaslaşdırılmış qeyri-standart nəzarət və diaqnostika sistemleri" laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Sakin Həmidoğlu Almaniyanın Bayrout şəhərinə bir il müddətinə ezam olunub. Bu gənc mənim həmkəndlimdir. Xaçmazın Dədəli kəndindən. Məsələ isə onda deyil. Məsələ ondadır ki, elm sahəsində xeyli uğurlara imza atmış, ölkəmizi dəfələrlə xaricdə layiqincə təmsil etmiş bu gənc elə bizim Dədəli kəndinin orta məktəbini bitirib. Yəni nə pullu məktəb görüb, nə də "Çağ Öğretim" və ya buna bənzər məktəblərdə oxuyub. Adi bir kənd məktəbini bitirərək kimsənin dəstəyi və yardımı olmadan öz gücünə elmdə zirvələrə doğru gedir bu gənc. Demək istədiyim budur ki, məktəblərin bağlanmasını faciə kimi qəbul etmək lazım deyil. Azərbaycan dövləti yetərincə ayaqda dura bilir və heç bir uşağımız məktəbsiz qalan deyil. Savadı, həvəsi olan uşaqsa elə dövlət məktəbində də yaxşı oxuyacaq, uğur qazanacaq. 3-5 min şagirdin oxuduğu məktəblərin qapanmasını faciə kimi qəbul edənlər müxtəlif vəzifələrdə yüksək uğurlara imza atmaqda olan yüz minlərlə insanımızın Azərbaycanın dövlət məktəblərini bitirdiyini də unutmasın gərək. Hə, əgər kimsə düşünürsə ki, uşağı mütləq pullu və özəl məktəbdə oxumalıdır, bunun üçün istənilən qədər alternativ də var.
Yeri gəlmişkən, mənim uşaqlarım da dövlət məktəbində oxuyur, özü də əlaçıdır hər ikisi.