Qarşıdan gələn bələdiyyə seçkiləri yay durğunluğu yaşayan ənənəvi müxalifət düşərgəsini yenidən bir-birinə qatıb. Belə ki, "Milli Şura"da təmsil olunan bir sıra partiyaların və ayrı-ayrı fərdlərin seçkilərə qartılmaq haqqında verdikləri qərarları qurumun müqəvva sədri Cəmil Həsənlinin narahatlığına səbəb olub. Bunu onun "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsində sələndirdiyi dolayısı cavablarından da görmək mümkündür. Məsələn, bələdiyyə seçkilərinə qatılmaq iddiasında olan partiyalar "Milli Şura" rəhbərliyinin hətta boykot qərarı vermələrinə rəğmən, bu addımı atacaqlarını bəyan edirlər. Belə ki, "Milli Şura"ya daxil olan KXCP də bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib.
KXCP: ""Milli Şura" boykot qərarə versə partiya yenə də bələdiyyə seçkilərində iştirak edəcək"
KXCP sədrinin müavini Xəzər Teyyublu mətbuata açıqlamasında "Milli Şura" seçkilərdə boykot qərarı qəbul etsə belə, iştirak edəcəklərini bildirib: "Artıq bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərimiz başlayıb".
KXCP sədrinin müavini artıq bu istiqamətdə müşavirə keçirdiklərini də deyib: "Bu müşavirələrdə yalnız bir istiqamətdə müzakirələr apardıq. Bələdiyyələrə verilən statuslar və namizədlərin müəyyənləşdirilməsi. Yazılı surətdə təlimatlarımızı da verdik. Zamanı gələndə namizədlərimizi açıqlayacağıq. Çox ehtimal ki, partiya rəhbərliyinə daxil olan şəxslərdən də seçkilərdə iştirak edən olacaq".
Məhz bu kimi açıqlama ilə çıxış edən KXCP rəsmisi hətta boykot olunacağı təqdirdə belə, bələdiyyə seçkilərində iştirak edəcəklərini bildirib: "Partiyamızın bu ilin martında keçirilən məclisində qarşıdan gələn bələdiyyə seçkilərində iştirakla bağlı qərarı var…Əgər "Milli Şura" bu istiqamətdə hər hansı bir qərar verməsə, KXCP yenə öz qərarını icra edəcək".
Müsavat: " Bu şəkildə də davam edəcəyik"
Bu arada, "Milli Şura"dan çıxaraq bələdiyyə seçkilərində iştirak edəcək partiyalar da Cəmil Həsənlini onların arxalarınca danışdığını, yəni qeybət etdiyini bildiriblər. Məsələn, Cəmil Həsənlinin "Milli Şura"nı tərk edən siyasi qurumların ünvanına söylədiyi və əsas narazılıq doğuran fikirlər bunlardır: "Biz bu yolu gedirik, kim bu yolu bizimlə gedə bilirsə, ona minnətdarıq, kim hara qədər gedə bilibsə, onun xidmətlərini qiymətləndiririk, kim artıq gedə bilmirsə, onu da başa düşürük".
Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacılı 25 ildən artıqdır ki, düz yolda fəaliyyət göstərdiklərini iddia edərək, Cəmil Həsənlini bu kimi ifadələr işlətməkdə tənqid edib: "Biz Rəsulzadə-Elçibəy yolundayıq. Bu yolda 25 ildən artıqdır ki, sapmadan, bir addım kənara atmadan yürüməkdə davam edirik. Bu şəkildə də davam edəcəyik. Bizimlə birlikdə, bir yerdə olan qüvvələrlə əməkdaşlıq etmək niyyətindəyik. "Milli Şura" ilə əməkdaşlıq məsələsinə gəlincə, seçim bu quruma daxil olan ayrı-ayrı siyasətçilərin olacaq".
AzDP: "Cəmil müəllim sədr kimi "Milli Şura"nı qorumaq, gedənlərlə danışıqlar aparmaq əvəzinə, oranı tərk edənlərin arxasınca danışmaqla vəzifəsini bitmiş hesab edir"
"Milli Şura"nı tərk edən digər siyasi, yeni yaradılmış Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə Cəmil Həsənli barədə daha sərt tonda fikirlər səsləndirib. O, bu addımı atmaqda heç bir məqsəd güdmədiyini deməklə yanaşı, həmçinin "Milli Şura"ya hər zaman mənfi münasibətdə olduğunu söyləyib: "Mən hər zaman mətbuata demişəm, "Milli Şura"nın yaranmasına münasibətim mənfi olub. Partiyanın qurultayından əvvəl dəfələrlə demişdim ki, qurultaydan sonra Milli Şura ilə bağlı məsələyə toxunacağıq. Yəni bizim oradan çıxmağımız qəfil baş vermədi, bu, gözlənilən idi. Bundan əlavə, "Milli Şura"nı çoxları tərk edib. O cümlədən Müsavat partiyası və onun başqanını qeyd etmək olar. Qurumdan çıxmağımıza gəlincə, əvvəla, "Milli Şura" Azərbaycanın demokratik qüvvələrini tam təmsil etmirdi. İctimai-siyasi legitimliyi yox idi. Xüsusilə İsa Qəmbər başda olmaqla, Müsavat partiyası, Lalə Şövkət və Liberal Partiyası, Rəsul Quliyev və tərəfdarları, Eldar Namazov və "EL" hərəkatı "Milli Şura"nı tərk edəndən sonra bu qurum böyük zərbə almışdı. Onsuz da "Milli Şura" öz əhəmiyyətini itirmişdi. Əksəriyyət mənim "Milli Şura"nı tərk edəcəyimi anlayırdı. Sadəcə, gözlədim ki, bu qurum seçkidən sonra aldığı zərbələrdən özünə gəlsin. Təəssüf ki, Cəmil müəllim sədr kimi "Milli Şura"nı qorumaq, gedənlərlə danışıqlar aparmaq əvəzinə, oranı tərk edənlərin arxasınca danışmaqla vəzifəsini bitmiş hesab edir".
AzDP sədri dolayısı ilə AXCP sədri Əli Kərimlini də hədəfə alaraq, "Milli Şura"nı "JEK"-ə, yəni Mənzil Kommunal İdarəsinə bənzədib. "JEK"-in müdirinin isə Cəmil Hsənli deyil, Əli Kərimli olduğuna işarə edib: "Ümumiyyətlə, müxalifətdə sanki "JEK" müdiri vəzifəsi var. İndi, deyəsən, "JEK" müdiri dəyişib".
Göründüyü kimi, ənənəvi düşərgədə vəziyyət yenidən kritik həddə çatıb. Bələdiyyə seçkiləri, eləcə də ayrılanların bir-birilərinin arxasınca etdikləri qeybətlər son nəticədə növbəti qarşıdurmaların yaranmasına kifayət qədər zəmin olmaqdadır.
Rövşən Nurəddinoğlu