Səbailli veteranlar Ümummilli liderin hakimiyyətə gəlişinin ildönümünü qeyd ediblər

11 İyul 2014 15:40 (UTC+04:00)

Ulu öndər Heydər Əlirza oğlu Əliyev Azərbaycanda hakimiyyətə gəlişinin 45 illiyi münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin "Şəhidlər Xiyabanı"ndakı qərargahında Səbail rayon Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, rayon ictimaiyyətinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev tədbir iştirakçıları və qonaqları salamlayaraq Ümummmilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi, fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.

O qeyd edib ki, 45 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilib: "Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı. Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. Heydər Əliyevin səyləri, bilik və bacarığı, gərgin əməyi sayətində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi bir qabaqcıl respublikaya çevrildi. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edildi, əhalinin şəraitinin yaxşılaşdırılması üçün geniş miqyaslı mənzil tikintisi layihələri həyata keçirildi.

Görülən bütün işlərin ilhamçısı və onların başında duran isə məhz xalqımızın böyük oğlu Heydər Əliyev oldu. Zəngin təcrübə, böyük təşkilatçılıq bacarığı, gördüyü işlərin sayəsində keçmiş Sovetlər Birliyinin bütün guşələrində böyük hörməti olan Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü seçilmiş, həmin dövrdə SSRİ-nin ən yüksək dövlət postlarından olan SSRİ Nazirlər Sovetinin I müavini təyin olunub. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. O, bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük starateji layihələrin həyata keçirilməsinə başlayıb. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Eldar Ağayev həmçinin Səbail rayonunda Ulu öndərin Azərbaycanda hakimiyyətə gəlişinin 45 illiyinə həsr olunmuş tədbirlər barədə məlumat verib.

Toplantıda çıxış edən Respublika Veteran Təşkilatları Şurasının sədri, general-mayor Dadaş Rzayev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, müharibə veteranı Musa Bayramov, Veteranlar Şurasının üzvü Həsən Əmirov, Tərxis olunmuş hərbiçilər İctimai Birliyinin sədri Emil Həsənli, AVMVB Səbail rayon təşkilatının sədri İlham Əliyev, Bakı şəhər Veteran Təşkilatları Şurasının komissiya sədri Zemfira Kərimova və başqaları Ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlişi, onun Azərbaycanın tərəqqi, inkişaf və çiçəklənməsi istiqamətində həyata keçirdiyi böyük işlərdən danışıblar.

Çıxışlarda qeyd olunub ki, Səbail rayonunun Ağsaqqaları, veteranları, digər ictimai təşkilatların üzvləri Azərbaycan Respubliksının Prezidenti, Ulu öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi və ən başlıcası itirilən torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənir və hər zaman bu işlərdə ona yardımçı və dəstək olacaqlar.