AMEA Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib FOTO

9 İyul 2014 16:31 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) İdarə Heyətinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclası GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq idarə heyətinin üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib, AMEA-nın 70 illik yubileyi çərçivəsində keçiriləcək "Bakı Elm Festivalı-2014"də hazırlıq, eləcə də bu istiqamətdə müxtəlif tədbirlərin təşkilindən danışıb.

İlk olaraq "Gənc tədqiqatçı və elm" jurnalının birinci nömrəsinin nəşrə hazırlanması müzakirə olunub. Şuranın "Elmi nəşrlər" bölməsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Aytən Qarayusifova bildirib ki, məqalələrin toplanması üçün elan verilib, ötən bir ay müddətində ayrı-ayrı bölmələr üzrə gənc alim və tədqiqatçılar tərəfindən 30-a yaxın elmi əsər redaksiyaya göndərilib. Hazırda məqalələrin ekpertizası aparılır.

Müzakirəyə çıxarılan növbəti məsələ şuranın idarə heyəti və strukturunda müəyyən dəyişikliklərin aparılması ilə bağlı olub. Bu barədə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev və idarə heyətinin digər üzvləri yeni elmi-ictimai layihələr haqqında iştirakçılara təfsilatlı məlumatlar verib, şuranın gələcək fəaliyyətinin daha effektiv təşkil edilməsi məqsədi ilə idarə heyətinin tərkibində bəzi dəyişikliklərin aparılmasını təklif ediblər. İndiyə qədər şuranın fəaliyyətində xüsusi aktivliyi ilə seçilən kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov və aqrar elmlər üzrə fəlsəfə doktoru İzzət Talıbovun idarə heyətinə cəlb olunması təklifi irəli sürülmüş və müzakirədən sonra müsbət qarşılanıb.

Daha sonra şuranın müvafiq struktur bölmələrində də dəyişikliklər edilib, yeni namizədlər təsdiqlənib. İclasda AMEA-nın gənc alim və mütəxəssisləri üçün futbol yarışlarının keçirilməsi və digər məsələlər də şura üzvləri tərəfindən müzakirə olunub.