İdmançılar hesabat vermişlər

8 İyul 2014 22:51 (UTC+04:00)

"Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialında cari ilin ötən dövrü ərzində görülən işlərə dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda filialın direktoru Xəyal Hacızadə çıxış edərək müxtəlif idman yarışlarında uğurlar qazanan idmançıları təbrik etmişdir.

Sonra qalib idmançıların adları açıqlanmışdır. Bildirilmişdir ki, keçən ay çoxmübarizəli döyüş idman növü üzrə dünya kubokuna seçim turnirində Araz Bəşirov, Fərid Novruzov, Nihad Musayev və Cavidan Süleymanov mötəbər yarışa vəsiqə əldə etmiş, Fərid və Fəxrəddin Hacızadələr üzgüçülük üzrə yarışda yüksək nəticələr göstərmiş, Elnur Məmmədov, Şahin və Taleh Babayevlər, eləcə də Xəyal Quluzadə Rusiyanın Çeboksarı şəhərində keçirilən karate üzrə Avropa çempionatında medallara layiq görülmüş, Ayxan Tağızadə isə Krasnodarda reallaşan boks yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Sonda Azərbaycanın idman şərəfini layiqincə doğruldan idmançılara qiymətli hədiyyələr təqdim olunmuşdur. Filialın güləş bölməsinin məşqçisi Arzu Rəhimov isə səmərəli fəaliyyətinə görə xüsusi mükafata layiq görülmüşdür.