Millət vəkili: “Səfirlərimiz Azərbaycanda gedən prosesləri hərtərəfli bilməlidirlər" AÇIQLAMA

7 İyul 2014 14:45 (UTC+04:00)

"Ümumiyyətlə, diplomatik xidmət orqanlarının rəhbərlərinin növbəti müşavirəsi sözün həqiqi mənasında çox orijinal məsələdir. Təbii ki, bu, bizim ölkəyə xas olan amildir. Çünki diplomatik korpusun nümayəndələri, səfirlər Azərbaycan dövlətinin xarici ölkələrdəki təmsilçiləridir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu gün Bakıda keçirilən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsinin əhəmiyyətindən danışarkən deyib.

YAP İcra katibinin sözlərinə görə, diplomatik xidmət orqanlarının rəhbərlərinin iki ildən bir toplanıb belə bir tədbir keçirməsi və cənab Prezidentin, eləcə də ayrı-ayrı struktur rəhbərlərinin onlarla görüşü, çıxışları, sual-cavablar, Azərbaycanın daxili siyasəti, ölkəmizin sosial-iqtisadi inkişafı, o cümlədən dövlətimizdə həyata keçirilən islahatlar barəsində aparılan müzakirələr təqdirəlayiq haldır: "Ölkəmizdə aparılan islahatı həyata keçirən insanların əlavə olaraq məlumatlandırılması vacib şərtlərdən biridir. Məsələn, bir neçə il bundan öncə həmin görüş Naxçıvan Muxtar Respublikasında keçirildi. Bildiyiniz kimi də Naxçıvan MR-sı blokadada olan tarixi Azərbaycan ərazisidir. Buna baxmayaraq Azərbaycanın xarici ölkələrdəki səfirləri həmin tədbirdə iştirak etdilər. Onlar Naxçıvanda aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış oldular, eləcə də Naxçıvanla bağlı tarixi mənbələr, digər məsələlər barəsində kifayət qədər həm nəzəri, həm də praktiki məlumatlara sahib oldular. Təbii ki, onların getdikləri ölkələrdə keçirəcəkləri görüşlərdə Bakıda və Azərbaycanın regionlarında aparılan geniş quruculuq işləri barədə kifayət qədər məlumat verə biləcəklər. Bununla belə onlar ölkəmizdə gedən işlərlə birbaşa tanış olur, prosesləri görür və hadisələrin şahidi olurlar.

Hesab edirəm ki, bu təqdirəlayiq bir haldır. Düşünürəm ki, gələcəkdə səfirliyin əməkdaşlarına bu praktikanı tətbiq etmək lazımdır. Səfirlərimiz Azərbaycanda gedən prosesləri hərtərəfli bilməlidirlər. Elə insan var 5 il orada qalır, işləyir, amma Azərbaycanın daxilində gedən proseslərdən heç bir xəbəri olmur. Bu baxımdan da onlar hər bir şeyi bilməlidir ki, ölkəmizi təmsil edəndə, onun haqq işinin müdafiəsində kifayət qədər hazırlıqlı olsunlar".