Gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz, rayonlarının sakinlərini qəbul edib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, qəbulda 30-dan artıq vətəndaş iştirak edib.
Gənclər sahəsi üzrə edilən müraciətlərin böyük əksəriyyəti qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili ilə bağlı olub. Vətəndaşlar idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri istiqamətində də nazirə müraciətlər ünvanlayıblar. Qəbul zamanı ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı da müraciətlər edilib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Həmçinin Qubada Gənclər və idman nazirliyi və Vyetnamın Mədəniyyət, İdman və Turizm nazirliyi arasında idman sahəsində ikitərəfli Memorandum imzalanıb.İmzalanma mərasimi nazir Azad Rəhimov və nazir Hoang Tuan Ahn arasında baş tutub. Memoranduma nümayəndə heyətinin mübadiləsi, idman idarəçiliyi, idman təhsili, idman sahəsində texniki və proqram mübadiləsi daxildir.
Eyni zamanda milli idman federasiyaları, idman təşkilatları arasında birbaşa əlaqələrin qurulması və dəstəklənməsi və digər tədbirlər də memorandumun əsas istiqamətlərindəndir.
Emin Kərimov, Quba