5765 vergi ödəyicisi qanunu pozdu

4 İyul 2014 12:46 (UTC+04:00)

Ötən ay Azərbaycanda 5 800-ə yaxın vergi ödəyicisi tərəfindən qanun pozuntusu aşkarlanıb. Vergilər Nazirliyindən SİA-ya verilən məlumata görə, bu ilin iyun ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5 765 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları müəyyən edilib.

2 662 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 731 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 1 263 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu məlum olub.

Operativ nəzarət tədbirləri zamanı 378 vergi ödəyicisi tərəfindən 587 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 319 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 153 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 1 630 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.